“Hazırda respublika üzrə 500-ə yaxın özəl tibb müəssisəsi və kabineti, eləcə də 600-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir”. Buni YAP-ın saytına səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Onun sözlərinə görə, yalnız Bakı şəhərində lisenziyasız fəaliyyət göstərən stomatoloji xidmət göstərən 200-dən artıq hüquqi və fiziki şəxslər aşkar edilərək, onlar barədə müvafiq tədbir görülüb.
Ümumiyyətlə 2013-cü il ərzində 376 xüsusi razılıq (lisenziya) olmadan özəl tibb və ya əczaçılıq fəaliyyətilə məşğul olma faktı aşkar olunaraq inzibati icraat aparılıb.
“Bundan əlavə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 290, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 314 neqativ hal barədə şikayətə nazirlikdə baxılmışdır. Aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 176 tibb işçisi barədə məsuliyyət tədbirləri görülmüş, 1 müraciət üzrə cinayət xarakterli pozuntu faktı aşkar olunduğundan 1 tibb işçisi barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi vasitəsilə cinayət işi qaldırılmışdır”-deyə nazir müavini bildirib.