Modern.az

AXCP və Müsavatın gəncləri Qarabağ qazilərinin aksiyasına dəstək verəcək

AXCP və Müsavatın gəncləri Qarabağ qazilərinin aksiyasına dəstək verəcək

26 Dekabr 2013, 16:01

Qarabağ əlilinin özünü yandırma həddinə çatdırılmasına etiraz olaraq Bakının Fəvvarələr Meydanına aksiya təyin edilib. Aksiyanın təşkilatçısı Qarabağ qazisi Asif Yusiflidir. Bununla bağlı o, “Facebook” şəbəkəsində “Qaziləri yandırma!” virtual qrupu yaradıb və aksiya elanını da bu qrup vasitəsilə yayıb. Artıq minə yaxın şəxs aksiyaya qatılacağını bildirib.

Aksiya dekabrın 28-i saat 15-də Fəvvarələr Meydanında olacaq.

Qarabağ qazilərinin keçirəcəyi aksiyaya AXCP və Müsavatın gəncləri də dəstək verəcək.

AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn Modern.az-a açıqlamasında aksiyaya yüksək səviyyədə dəstək olacaqlarını deyib. O bildirib ki, Qarabağ qazisinin özünü yandırmaq həddinə çatması, ölkədəki ədalətsiz idarəetmədən, vətəndaşa hörmətsizlikdən qaynaqlanır: “İnsanların qürurunun tapdanmasına hər kəs etiraz etməlidir. Baş verənlər həm də hökumətin Qarabağ döyüşçüsünə verdiyi qiymətin göstəricisidir. Biz də bu mitinqdə iştirak edəcəyik. Partiyanın mövqeyi də bizimlə eynidir və partiya da mitinqə dəstək verəcək.

Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbas da mitinqdə fəal iştirakçı olacaqlarını qeyd edib: “Aksiyanın olması ilə bağlı “Facebook”dan məlumat əldə etdim. Biz də bu ölkənin vətəndaşlarıyıq. Hər birimiz vətəndaşlara dəstək olmalıyıq. Partiya olaraq, aksiyaya qatılmasaq da, ola bilər, üzvlərimiz individual olaraq, bu tədbirdə iştirak etsinlər. Yəni partiyada bununla bağlı məhdudiyyət yoxdur. Qarşıdakı gündə özümün iştirakımla bağlı qərar verəcəyəm. Təbii ki, bununla bağlı partiyada müzakirələr, məsləhətləşmələr aparılacaq”.

İlkin PİRƏLİ 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!