Füzuli rayonunun Dördüncü Zobucuq qəsəbəsinə təbii qazın verilməsi ilə əlaqədar tədbir keçirilib.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi, ictimaiyyət nümayəndələri, qəsəbə ağsaqqalları iştirak ediblər. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək respublika əhalisinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə genişmiqyaslı işlər həyata keçirildiyini bildirib, uzun müddət təbii qaz almayan yaşayış massivlərinin “mavi yanacaq”la təmin olunduğunu vurğulayıb. Rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verən Alı Alıyev qəsəbə sakinlərini əlamətdar gün münasibəti ilə təbrik edib. Qeyd edək ki, 400 abonenti olan qəsəbənin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 16140 kilometr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 400 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sonra rəmzi məşəl yandırılıb və evlərə mavi yanacağın verilməsinə baxış keçirilib.