Modern.az

Deputatlar Qarabağ qazisinin intihara cəhdinə reaksiya verdilər

Deputatlar Qarabağ qazisinin intihara cəhdinə reaksiya verdilər

26 Dekabr 2013, 17:56


II qrup Qarabağ əlili  Zaur Həsənovun özünü yandırması ölkədə ciddi narazılığa səbəb olub. Bu gün Qarabağ qaziləri, müharibə  əlilləri Z.Həsənovu özünü intihar səviyyəsinə çatdıranların səbəbkarlarının cəzalandırılması istəyi və tələbi ilə aksiya keçiriblər. Qarabağ qaziləri ictimai birliyinin sədri Etimad Əsədov isə vurğulayıb ki, məsələyə millət vəkilləri və məmurlar  münasibət bildirməlidir.

Modern.az E.Əsədovun tələbinə Milli Məclisin bir neçə deputatından münasibət öyrənib.

YAP-ın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Z. Həsənov özünü yandırmaq addımını atmamalı idi. “Əgər onun hər hansı bir problemi var idisə, bunun  hüquq müstəvisində həllinə çalışmalı idi. Hətta məhkəmə onun əleyhinə qərar çıxarsa idi belə, məsələni ictimai müzakirəyə çıxarmaq olardı. Bundan başqa, o Ali Məhkəməyə müraciət etməklə problemi aradan qaldıra bilərdi. Mən tezliklə Z. Həsənovun sağalmasını və həyata qayıtmasını arzu edirəm. Çox istərdim ki, bu məsələ emosional-siyasi yanaşmaya çevrilməsin. Çünki müxalifət hazırda məsələni siyasiləşdirməklə bundan öz məqsədləri üçün istifadə etməyə çalışırlar”.

Millət vəkili İqbal Ağazadənin fikrincə, bu, istənilən halda vəzifəli şəxslərin cinayətidir: “Bu, özünü öldürmək həddinə çatdırmaqla təqsirləndirilə biləcək bir cinayətdir. Hüquq-mühafizə orqanları dərhal məsələni araşdırmalıdır. Bir Qarabağ əlilinə sahib çıxa bilmirlərsə, hətta söhbət 40 kv metr yerdən gedirsə, sadəcə, Azərbaycan adına ayıbdır”.

Millət vəkili Fazil Mustafa vurğulayıb ki, Qarabağ qazilərinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı ayrıca dövlət proqramı qəbul  olunub icra edilməlidir: “Bütün hallarda Qarabağ qazilərinə münasibət Azərbaycanda fərqli olmalıdır. Dövlət harada olmasından asılı olmayaraq onların qayğısına qalan addımlar atmalıdır. Qarabağ qazilərinin hər hansı bir probleminə dərhal reaksiya verilməlidir. Məsələnin hüquqi tərəfi ilə yanaşı, mənəvi tərəfləri də var. Dövlət bilavasitə mənəvi tərəfdə işə müdaxilə etməlidir. Sıxıntı içində yaşayan və ailəsini dolandırmaq çətinliyi olan Qarabağ əlillərinin normal işləməsi üçün şərait yaradılmalıdır. Kimsə özünü yandırmırsa, o demək deyil ki, o diqqətdən kənarda saxlanılmalıdır. Ayrıca dövlət proqramı qəbul olunmalıdır. Bu proqramda da konkretləşmə olmalıdır. Əks halda biz onların problemini həll edə bilməyəcəyik. Mən Zaur Həsənovun özünü yandırmasına çox üzüldüm. Ümid edirəm ki, bu hadisə konkret dövlət proqramının hazırlanmasına gətirib çıxaracaq”.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...