Gürcüstanın yeni hökumətində üç yeni nazir olacaq.
Modern.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan”ın məlumatında bildirilib.
Baş nazir İrakli Kobaxidze bildirib ki, Xarici İşlər Nazirliyinə Maka Boçorişvili, Ədliyyə Nazirliyinə Anri Oxanaşvili, Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinə David Sonqulaşvili rəhbərlik edəcək.
Nazirlər Kabinetinin yenilənmiş tərkibi bazar ertəsi yeni seçilmiş qanunverici orqan tam səlahiyyətlərə yiyələndikdən sonra təsdiq olunmaq üçün 11-ci çağırış parlamentə təqdim olunacaq.
Qeyd edək ki, hazırda müxalifət və onun tərəfdarları Rustaveli prospektində - Gürcüstan parlamentinin qarşısında aksiyaları davam etdirirlər. Onlar 26 oktyabr tarixli parlament seçkilərinin nəticələrinə etiraz edirlər.
Parlamentə daxil olan hər dörd müxalifət qüvvəsinin liderləri oktyabrın 26-da keçirilən seçkilərdə total saxtakarlıq olduğunu iddia edərək, 11-ci çağırış qanunverici orqanda işləməkdən imtina ediblər.
Onlar nəticələrinin ləğvini, bu məsələ ilə bağlı beynəlxalq araşdırma aparılmasını, sonra isə yeni seçkilərin keçirilməsini tələb edirlər.
Bazar ertəsi parlamentin ilk iclası keçiriləcək və bu iclasda yeni seçilmiş deputatların səlahiyyətlərinin tanınması planlaşdırılır.
Oktyabrın 26-da keçirilmiş seçkilərin nəticələrinə görə, parlamentdəki yerlər belə bölünüb:
“Gürcü arzusu” partiyası – 89 yer;
“Dəyişiklik Koalisiyası” (“Axali”, “Girçi – daha çox azadlıq”, “Droa”) – 19 yer;
“Birlik - Milli Hərəkat” (“Vahid Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) – 16 yer;
“Güclü Gürcüstan” (“Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq meydanı”, “Vətəndaşlar”) – 14 yer;
“Gürcüstan üçün” – 12 yer.