Ekran ona zillənən gözləri gözəl görünüşlə cəlb etməlidir. Buna görə də TV də, elə tamaşaçı da surətpərəstdir. Televiziyanın bu prinsiplərini nəzərə alaraq proqram aparıcıları izləyicinin yaddaşında qalmağa çalışır.
Sirr deyil ki, bir çox hallarda müxtəlif verilişlərin aparıcıları sponsor yardımından faydalanır. Hətta bəzən açıq şəkildə geyimləri təqdim etmiş mağaza və məşhur brendləri reklam edirlər.
Bəzən tanınmış teleaparıcılar öz əl qabiliyyətlərindən də faydalanır, necə deyərlər, özləri-özlərinə don biçirlər. Digər qisim isə ekranda yaraşıqlı görünmək şəxsi büdcələrindən istifadə etməyi zəruri sayırlar.
Modern.az teleaparıcıları bu mövzuda danışdırıb.
Nailə İslamzadə (AzTV-nin keçmiş diktoru): “Televiziya aparıcıları ekrana çıxarkən, verilişin ruhuna, mövzusuna uyğun geyinməlidirlər. Əgər onlar bunu edə bilmirlərsə, zövqləri uyğun deyilsə, təbii ki, onlara yol göstərən kimsə olmalıdır. Mən TV-də işlədiyim zaman geyimimi ancaq özüm seçirdim və ancaq öz paltarlarımı geyinirdim, saçımı da özüm düzəldirdim. Sadəcə olaraq bilmək lazımdır ki, xəbərlərin öz geyimi, dövlət tədbirlərinin isə başqa geyimi olmalıdır. Əyləncəli proqramların aparıcısı olmaq açıq-saçıq paltarlar geyinərək efirə çıxmaq demək deyil. Ümumiyyətlə, aparıcıya efirə acıq-saçıq paltarlarla çıxmaq qadağan olunmalıdır. Aparıcı verilişi təqdim etmək üçün çıxır, özünü yox. İndiki aparıcıların əksəriyyəti geyimlərinə və saçlarına verdikləri diqqətin yarısını dünyagörüşlərinin, savadlarının artmasına həsr etsəydilər daha maraqlı görünərdilər”.
Elgiz Əkbər (ANS telekanalında “Adam içində” verilişinin apaıcısı): “Mən əvvəllər geyimimə çox da diqqət yetirmirdim, daha doğrusu, geyimin elə də çox önəmi olduğunu düşünmürdüm. Artıq 8 ildir ki efirdəyəm və son vaxtlar böyük bir mağaza ilə işləyirəm. Həmin mağazanın stilisti məni geydirir. Son zamanlarda da modelyerlərin ən yaxşı geyinən aparıcılar arasında birinciliklərdə sayması məni qururlandırır. Elə olur ki hava şəraitilə bağlı, ya hər hansı hadisəylə bağlı gedə bilməyəndə, mağazaya o zaman öz qarderobumdan geyinirəm. Öz geyimlərimi də həmin stilistin məsləhəti ilə almışam. Ümumiyyətlə demək istəyirəm ki, tamaşaçısına hörmət edən aparıcı geyiminə diqqət yetirməlidir. Təvazökarlıqdan uzaq olsa da, səliqəli adamam və heç vaxt geydiyim geyimə xələl gəlməyib, gəlsə belə problem yoxdur pulunu ödəyib o geyimi alaram”.
Səyyarə Səyyaf (“Xəzər TV-də “Könül dünyamız” verilişinin aparıcısı): “Mənim verilişim klassik mövzudadır. Ona görə də klassik geyimlərə üstünlük verirəm. Heç bir stilistlə də çalışmıram. Hər zaman da öz qarderobumdan geyinmişəm. Həftədə 1 dəfə olduğuna görə verilişim geyimə görə çox da çətinlik çəkmirəm”.
Vaqif Aydınoğu (ATV-də “Həftəsonu” verilişinin aparıcısı): “Biz “Emiland” kişi geyim mağazası ilə işləyirik. Hər mövsümə uyğun olaraq “Emiland” bizə dəst-dəst, öz ölçümüzə uyğun geyimlər hazırlayıb göndərir. Ümumiyyətlə, hər verilişin öz geyimi var. Mənim verilişimin formatı da ciddi geyimdir, masksimum sadə olmayan və çox da qabarıq rənglər olmayan parıltılı olmayan geyimlərə üstünlük verirəm”.
İlqar Mikayıloğlu (ANS telekanalında “Günəbaxan” verilişinin aparıcısı): “Mənim aləmimdə aparıcı ən çox ayaqqabısının təmizliyinə fikir verməlidir. Belədə isə biz sponsorlarla işləyirik geyimi bizim üçün onlar təşkil edir”.
Samirə Mustafayeva (ATV telekanalının “Xəbərlər” proqramının aparıcısı): “Mən 10 ildir efirdəyəm və hər zaman öz seçimimlə geyinmişəm heçbir zaman stilistlə işləməmişəm və son 2 ildə isə öz geyimlərimi geyirəm. Ümumilikdə isə hər kanalda stilist olmalıdır. Başqa kanalları bilmirəm amma bizim kanalda var stilist. Amma artıq elə aparıcılar var ki, xətti tutublar və özləri düzgün seçim edə bilərlər”.
Elnarə Təhməzova (ANS telekanalında “İncə maraqlar” verilişinin aparıcısı): “ANS-də stilist çalışır, hər bir aparıcıyla məşğul olur. İranlı stilist. Amma sözün düzü, mən şirkətdə bəzənmirəm. Bəyənməmək məsələsi deyil. Sadəcə olaraq mən gözəllik salonunda vaxt keçirməyi sevirəm. Bir neçə mağaza ilə işləyirəm. Geyimlərimi onlar təmin edir. Amma hərdən öz qarderobumdan da geyinirəm”.
Könül Qidayeva