Milli Məclisin deputatları Mübariz Qurbanlı, Mirkazım Kazımov və Siyavuş Novruzov özünü yandıran, hazırda Bakıdakı 5 saylı xəstəxanada müalicə olunan Qarabağ qazisi Zaur Həsənova baş çəkiblər.
“Musavat.com”un məlumatına görə, deputatlar jurnalistlərə bildiriblər ki, hadisə sosial səciyyəli məsələdir və yaxın günlərdə öz həllini tapacaq.
Xəstəxananın qarşısında 50-yə qədər Qarabağ qazisi toplaşıb. Əraziyə xeyli polis qüvvələri cəlb edilib. Onlar etiraz aksiya keçirilməsi ehtimalına qarşı səfərbər olunublar.
Zaur Həsənov dekabrın 25-də Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O özünə qəsdi 1995-ci ildən bəri paytaxtın Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb. Zaur Həsənov iddia edir ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Mehbalıyev alıb.
Modern.az