
Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyində yaradılmış Heydər Əliyev Guşəsində "Həmrəylik Günü" münasibəti ilə Tacikistanda yaşayan soydaşlarımızın iştirakı ilə tədbir keçirilib.
Səfirlikdən
Modern.az-a verilən məlumata görə, tədbirin açılışında Azərbaycan Respublikasının Himni səsləndirildikdən sonra Səfir Abbasəli Həsənov çıxış edib. O, qeyd edib ki, dekabr ayı istər Azərbaycan vətəndaşları, istərsə də dünya azərbaycanlıları üçün əlamətdar hadisələrlə zəngindir.
Abbasəli Həsənov toplantı iştirakçıları adından Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib. Səfir qeyd edib ki, 31 dekabr Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. A.Həsənov sözünə davam edərək Azərbaycan Respublikasının son on ildə əldə etdiyi iqtisadi nailiyyətlərdən danışıb. Azərbaycanın xarici siyasəti haqqında danışan səfir deyib ki, ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzvü olması diplomatiyamızın və xarici siyasətimizin ən böyük nailliyətlərindən biri olub və vətənimizi dünya ölkələri arasında aparıcı dövlətlər sırasına çıxarıb.
Səfir Heydər Əliyev Fondunun birinci xanım Mehriban Əliyevanın rəhbərliyi altında vətənimizdə və onun hüdüdlarında kənarda milli mədəniyyətimizin təbliğ edilməsi istiqamətində gördüyü əvəzsiz işlərdən də danışıb. Abbasəli Həsənov Tacikistanda yaşayan azərbaycanlıların adından dünya azərbaycanlılarını bu möhtəbər bayram münasibəti ilə təbrik edib.
Səfirin çıxışından sonra "Biz əlli milyonluq Xalqıq" filmi nümayiş etdirilib. Səfirliyin təşəbbüsü və dəstəyi ilə tacik dilinə tərcümə edilmiş millət vəkili, tanınmış jurnalist Elmira Axundovanın 7 cildlik "Heydər Əliyev - Şəxsiyyət və zaman", həmçinin Nikolay Zinkeviçin "Зигзаги Жизьни", o cümlədən Azərbaycanın siyasi-iqtisadi və sosial həyatına dair Azərbaycan, rus və tacik dillərində nəşr olunmuş digər kitab və materiallar eləcə də fotostend Səfirliyin foyesində sərgilənib. Tədbirin sonunda qonaqlar üçün hazırlanmış ənənəvi çay süfrəsi arxasında diaspor üzvləri toplaşıb və tədbir haqqında fikir mübadiləsi aparıblar.
Dünya Azərbaycanlıların Milli Həmrəylik Günü münasibət ilə Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyində keçirilmiş tədbir barədə ətraflı məlumat Tacikistanın "Poytaxt TV" telekanalı tərəfindən işiqlandırılıb.
Modern.az