Modern.az

Gürcüstanda gərginlik: müxalifət bu günə mitinq TƏYİN EDİB

Gürcüstanda gərginlik: müxalifət bu günə mitinq TƏYİN EDİB

Dünya

29 Noyabr 2024, 09:46

Gürcüstanda hakimiyyətin 2028-ci ilə qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlardan imtina etməsi kütləvi etirazlara səbəb olub.

Modern.az xəbər verir ki, Gürcüstan iqtidarının qərarına etiraz edən insanlar ötən gecə Tbilisi küçələrinə çıxıblar. Etiraz aksiyasında Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili də iştirak edib. O, müxalif qüvvələri dəstəkləyib.

Tbilisinin mərkəzində küçələrə çıxan insanlarla polis və xüsusi təyinatlılar arasında gərginlik yaşanıb.
Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, müxalifətin etiraz aksiyasının dağıdılması zamanı 32 polis yaralanıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Nazirlik bəyan edib ki, ötən gecə parlamentin yaxınlığında keçirilən aksiya mitinq və nümayişlər haqqında qanunla müəyyən edilmiş normalardan kənara çıxıb və bu səbəbdən polis qanuni tədbirlər görüb, xüsusi vasitələrdən istifadə edib.

Etiraz aksiyaları paytaxt Tbilisi ilə yanaşı, ölkənin digər böyük şəhərlərində, o cümlədən Kutaisi, Zuqdidi, Batumidə də keçirilib.

“Georgia News” portalının məlumatına görə, Tbilisidə və Gürcüstanın digər şəhərlərində bütün gecə səhərə qədər etirazçılarla polis arasında toqquşmalar olub. Gürcüstanın xüsusi təyinatlı qüvvələri qərbyönlü müxalifət üzvlərinin qurduqları barrikadaları dağıdıb, onları gözyaşardıcı qaz, tüstü bombası və su şırnaqları ilə mərkəzi meydandan uzaqlaşdırıb.

Gürcüstan Xarici İşlər Nazirliyinin 78 əməkdaşının hökumətin ölkənin Avropa İttifaqına üzvlüyünün dondurulması ilə bağlı qərarına qarşı bəyanat imzaladığı barədə xəbər yayılıb.

Xüsusi təyinatlılar su şırnaqları və digər vasitələrlə Gürcüstan parlamentinin qarşısındakı ərazini etirazçılardan  təmizləyiblər. Daha sonra nümayişçilərin kütləvi həbsləri başlayıb, xəsarət alanlar barədə məlumatlar daxil olub.

Səhərə yaxın yerli KİV-in məlumatına görə, vəziyyət sakitləşib.

Müxalifət partiyaları bu gün üçün Rustaveli prospektində saat 19:00-da başlamalı olan yeni mitinq elan ediblər.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi