Modern.az

Kiyan Xiyav “Cənub ədəbiyyatı”nda - Modern.az-ın layihəsi

Kiyan Xiyav “Cənub ədəbiyyatı”nda - Modern.az-ın layihəsi

28 Dekabr 2013, 10:12


Modern. az
elektron mediada ilk dəfə olaraq müasir Cənubi Azərbaycan ədəbiyyatının təqdimatına başlayıb. Azərbaycan Yazıçılar Birliyinin Cənub ədəbiyyatı şöbəsi ilə birgə, ortaq layihə çərçivəsində oxucular cənublu yazarların yeni nəsli ilə tanış olmaq imkanı qazanır. O tayla bu tay arasında qarşılıqlı ədəbi körpü yaradan bu layihədə qonağımız bu dəfə  cənublu şair Kiyan Xiyavdır.

Kiyan Xiyav 1970 –ci il may ayını 20-də Meşkin şəhərində anadan olub. Fars dili və ədəbiyyatı üzrə mütəxəssisdir. Təbriz Universitetini də bu ixtisas üzrə bitirib.  O, ilk şerlərini Xiyovda oxuyan zaman yazıb. Ali təhsilini Təbrizdə alan Kiyan orda oxuduğu müddətdə Doktor Cavad Heyətlə tanış olur. İlk şerləri “Varlıq” və “Yol “ dərgilərində çap olunur.  Universiteti bitirəndən sonra bir müddət iş tapa bilmir. Sonradan isə Miyanə şəhərinin  Xonəç bölgəsində müəllim kimi çalışır.  Fars dili və ədəbiyyat  müəllimi olan Kiyan sonradan Xiyov şəhərində ixtisası üzrə  çalışır. O həm də məhsuldar bir tərcüməçi kimi də tanınır. Türk və fars ədəbiyyatından dəyərli tərcümə əsərləri var.

Şairin  “Ölüm Öpüşündən Yanmış Lələklər”, ”Ah, Gözlərində Doğulmaq”, “Sarı Saatlar Dənizində” adlarında üç şeir toplusu çap olunub, Sevdiyi şairlәr Nazim Hikmәt, Әhmәd Şamlu vә Hadi Qaraçaydır.

***

Bulaq otu
Kəpənək
Mən.
Yağış bizi nə gözəl qidalandırır!
Bir sona da
Hey dans edir  başımda ölüm kimi.

***

Durnalar
Almalar
Siyasətçilər
Məndən qidalanırlar.
Mənsə düzümü düz gedirəm hələ.
Bu orman
Bu dağ
Bu dərə;
Düz gedirəm sonama ərdiyim yerə.

***

Gecədir
Üstümdə nar ağacının kölgəsi
Çaxır
Siqar
Və quduz dar ağacının kölgəsi,
Məni dalğalı Xəzərə döndərəcək kəsin.

Çayırlar
Çayanlar
Çınqıllar belə
Tütün dadırlar çevrəmdə sonasız.

***

Mən lalələri sevirəm
Biricik solmazları da
Qadası susənləri də
Ancaq quraqlıq, qoruqluq
Sona qıtlığında daha duyulur.

Sorma istəklərimi!

sorma, nazlım!
istəklərim bir ovuc külə dönərək,
sovrulub getdilər uzaqlarda.

Birdən birə şamlar üfləndi sankı
və ömrümün hər çağı axşama döndü.

Nə zaman baxdım könlümə
telsiz bir gitara gördüm səslənməyən.
ki yalanca gözəl olduğu qədər
gözəlcə yalanmış sevib-sevilmək.

Sorma, nazlım!
Uzaqlardan
minyator bağlara bənzər istəklər
bağçıları
ən adsız, ən adamsız qalan şairlər.

Mənsə nə zaman istədim səni
görüşdən öncə başlandı ayrılıq.

Yox, sevgilim!
Sənsiz bu minyator bağlar,
mənim deyildilər artıq.

Sorma, sorma!
istəklər bir ovuc külə dönərək,
sovrulub getdilər uzaqlarda.
Mənsə, sənlə rastlaşdığım zamandan
sovrulub getməyə çalışmadayam.

Çap üstümdə,  ho...

çap üstümdə,  ho...
adın quleyli nazının çeşməsidir,
çatlaq dodaqlarımda.
və köksündə açan yetgin çiçəklər ,
yaşayan yaşamdır ölüm anında.
çap üstümdə,  ho...
yağmala qanımı,  qürurumu da,
gözlərimi partladacaq gözəlliyinlə.
azalmadan dodağının udumu,
balaca da qıçlarının arasından
bir qırmızı öpüş hazırla mənə.
öylə çap
saçların baş qaldırsın ah səsimdə!
dəli gülümsəmələrin
məni başqa bir inanca bağlasın!
çap üstümdə,  ho...
demə ki gecənin qaranlığını,
niyə yırtır hay-küyüm!
sorma ki bəbəklərinin şəhvət üzümü,
niyə bir məmə ucunun gözəlliyində durur!
çap üstümdə,  ho...
bu an gözlərinin odu
yanar dağ partlayır içimdə sanki.
və tər-təmiz bir üsyan süd-balı ki
boşalır harasızlığa.
gəl,  suçların nə möhürü varsa,
vur alnımın çatına,  cəhənnəmə ki.
öylə çap ki
aşır məni də özünlə bu dörd duvarlardan!
arada bir döşlərini dişimə vur
sancılım ortalığına!
çap ha çap,  çap
beynimin kasasın partlat
və xəyal cığırlarımdan en yanıma !
sonra dodaqlarımın çatlağından,
süzül qucağıma ey çılpaq çeşmə!
çap ha çap çaparcasına öylə çap ki
öpüşlərimdə əz dağıt başımı,
baldırların boyunca!
və gövdəmin üstündə
dırnaqların oynayan ölüm olsun!
çap üstümdə,  ho...
sürünmək istəyirəm
sənin çılpaq dəliliyinin altında.
ayaqların corabsız
əllərin əlcəksiz
döşlərin döşlüksüz
sar məni,  getsin!
baxışların heç də sormasın məndən!
təsadüfi yaşamımın təməlidir sevgi
özəlliklə sənin sevgin
qaçınılmaz gərəyimdir,  neyləyim?!
çap üstümdə,  çap!

 

***

Eşq yəni, qorxa - qorxa bir sığınacaq

Amma isti və sıcaq.

 

***

Bəzən uzundur deyirlər şerlərimə

Və bilməyirlər amma

Saçlarını uzadar aşiqlər

Özləri də bilmədən

Pərişanlıqdan

*** 

Dəmir dırnaqlarını tutduq atlarımızın

Və barmaqlarını tütün tüstüsüylə bəzədik

əllərimizi çillədik

hər eşqin köksündə çiçəkləyən çiyələyə

amma üzümüzdən sarı çilləri

və gözümüzdən qara milləri

arıtlaya bilmədik

bu arada yalnız idik

bilməyirdi biriləri

nə olaylar anladırdıq misralarda

Hazırladı: Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!