
“Zaur Həsənovun vəziyyəti dünənə nisbətən yaxşıdır”. Bunu
Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin xəstəxanada olan rəsmisi Dadaş Hümbətov deyib.
“Xəstə reanimasiyadadır, vəziyyəti orta-ağır olaraq qalır. Sistem vasitəsilə qidalanır. Həyatı əhəmiyyətli orqanlarının fəaliyyəti üçün hər bir proses həyata keçirilib. Şəxsən Səhiyyə nazirliyinin nəzarəti altındadır. Açıq yaralar olduğundan yanına keçməyə icazə verilmir”. Z.Həsənovun müalicə həkimi Həmzə Əzizbəyov, reanimasiya həkimi isə Vüqar Zeynalovdur.
Qarabağ əlilinin atası Həsən Həsənov bildirib ki, yaxınları daim oğluna baş çəkir. “İki gün yoldaşı yanında qaldı, bu gün isə anası gəlib. Bütün gecəni yatmayıb. Dünənə baxanda vəziyyəti indi bir az yaxşıdır”.
Qeyd edək ki, Z. Həsənovun hazırda müalicə olunduğu 5 saylı Şəhər Klinik Xəstəxanasında təmir işləri gedir. Qeyri-rəsmi bilgiyə görə, təmir və abadlaşdırma işləri intihar olayına görə xəstəxanaya gəlib-gedən şəxslərin çoxluğu ilə əlaqələndirilir.


Gülşən Raufqızı