Bu gün İctimai Palatanın yaranmasından 3 il ötür. Qurum 2010-cu ildə keçirilən parlament seçkilərinin nəticələrinə etiraz olaraq yaradılmışdı. İP-dəki qüvvələr növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etsələr də, buna nail ola bilməlidirlər. Amma buna baxmayaraq, qurum şəhərin mərkəzində bir neçə güclü mitinq keçirib. Faktiki, bu ilin mayında Milli Şura yarandıqdan sonra İP fəaliyyətsiz duruma düşüb. Koordinasiya Şurasının üzvlərinin bəziləri Milli Şura olduğu halda İctimai Palatanın fəaliyyətinə ehtiyac olmadığını bildirirlər. Bəziləri isə tam əksinə düşünür. Hazırda bununla bağlı müzakirələr davam etdirilir. Qeyd edək ki, qurumda ziyalılar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə bərabər iki əsas aparıcı partiya, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası da təmsil olunur.
İctimai Palatanın Koordinasiya Şurasının (İPKŞ) üzvləri qurumun 3 illik fəaliyyətini yüksək qiymətləndiriblər.
“Yeni Müsavat” qəzetinin baş redaktoru, İctimai Palata Koordinasiya Şurasının üzvü Rauf Arifoğlu Modern.az-a açıqlamasında İctimai Palata formatını ən uğurlu format adlandırıb:
“İctimai Palata bu 3 il müddətində Azərbaycan şəraitində mümkün olan hər şeyi etdi ki, dünya çapında Azərbaycan demokratlarının səsi duyulsun. Mübarizənin son 3 ildəki fraqmentində İP kifayət qədər dolğun, geniş, əhatəli, layiqli mübarizə, fəaliyyət ortaya qoya bildi. Müxalifətin birləşdirilməsində, müəyyən mitinqlərin keçirilməsində, ölkədə müəyyən basqıların olmasına etiraz olaraq, fəaliyyətini ortaya qoydu. Bu, Azərbaycan şərtlərində olduqca çətindir. Çətinlik İP-in son dönəmlərində də özünü göstərdi. Milli Şura yaranandan sonra qurumun fəaliyyətində durğunluq baş verdi. Gedən proseslər onu göstərir ki, İctimai Palata formatı və onun fəaliyyət fəlsəfəsi Milli Şuradan daha üstün, daha dözümlüdür. Qurumun bu gün də Azərbaycanın siyasi səhnəsində yeri, perspektivi var. Onun rəhbərliyinin formatı olduqca uğurludur, qurumlar, təsisatlar orada təmsil olunur, konflikt ocağı deyil və sınaqdan çıxmış strukturdur. Qurumun bölgələrdə də təmsilçilikləri var. Tam mükəmməl olmasa da, qurum Azərbaycan siyasətində ən yaxşı, ən güclü blok səviyyəsindədir. İstənilən an rəhbərlik İP-in fəaliyyətini bərpa etsə, qurum yenidən parlayacaq”.
Koordinasiya Şurasının üzvü, hüquqşünas Vidadi Mirkamalın sözlərinə görə, İctimai Palatada yarananda hədəfi seçkilərin növbəti dəfə keçirilməsini tələb etmək idi: “Bu hədəfə də çata bilmədi. Qurum “Yol xəritə”si hazırladı. Burada avtoritarizmdən demokratiya yumşaq keçidin istiqamətləri göstərilirdi. Hələki buna nail olunmayıb. Buna baxmayaraq, İP ölkənin ictimai siyasi həyatında əsas oraqanlardan biridir. Qurum xeyli iş görüb, aksiyalar təşkil edib, 17 nəfər vicdan məhbusu verib, 100-ə yaxın dinləmələr keçirib”.
O, qeyd edib ki, Milli Şura yaranandan sonra İctimai Palata fəaliyyətini ləngidib: “Demək olar, İctimai Palata bu ilin mayından başlayaraq fəaliyyətini Milli Şuranın tərkibində davam etdirib. Amma buna baxmayaraq, İctimai Palatanın buraxılması məsələ həll edilməyib. Burada müxtəlif versiyalar var. Məsələ burasındadır ki, Milli Şura yaranandan dərhal sonra prezident seçkilərinə daxil oldu. Buna görə də strukturlaşa bilmədi. Hazırda da qurum tam orqanizm kimi fəaliyyət göstərmir. Çünki bunun idarəçilik oraqanları yoxdur. İctimai Palatanın buraxılması məsələsi mətbuatda geniş hallanır. Hesab edirik ki, Milli Şura tam strukturlaşandan sonra İP-in qalmasına ehtiyac qalmayacaq. Hələ ki Milli Şurada bu əlamətlər görünmür. Koordinasiya Şurasının sonuncu iclasında da müzakirələrin davam etdirilməsi ilə bağlı qərar qəbul edildi”.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı deyib ki, hazırda qurum fəaliyyətsiz durumdadır. İP siyasi proseslərdə Milli Şura yaranana qədər fəal iştirak etdi. İP-in siyasi proseslərdə fəal olmasının nəticəsi idi ki, ziyalılar siyasi proseslərə qoşuldu. Son nəticədə isə Milli Şura yarandı. Milli Şuranın yaranması ilə sonuclanan siyasi atmosferin formalaşması tam İP-in fəaliyyətinin nəticəsi idi. Bu qurum Azərbaycan siyasətində işıqlı bir səhifədir”.
R. Manaflı qeyd edib ki, qurum 2010-cu ilin parlament seçkilərinin yenidən keçirilməsinə nail ola bilməsə də, ictimai-siyasi mühiti fəallaşdırdı: “Qurumun mübarizə aparmağına baxmayaraq, hədəflərinə çata bilmədi, bunu etiraf etmək lazımdır. Milli Şura İctimai Palatanın yaratdığı bir qurumdur. Hakimiyyətin verdiyi səslə belə Milli Şura ikinci yerə çıxdı. Bu o deməkdir ki, Milli Şura legitimliyini qazandı. Həm də İP-də olan şəxslərin əksəriyyətinin Milli Şurada olması qurumun buraxılmasını vacib hesab edir. Çünki paralel strukturların fəaliyyəti doğru deyil”.
Qurumun üzvlərindən olan Zəfər Quliyev də İctimai Palatanın fəaliyyətini müsbət dəyərləndirib: “İctimai Palata Azərbaycanın müasir siyasi tarixində öz yerini tutub. Ona görə ki, qurum 3 il müddətində böyük işlər görüb. Bu, Azərbaycanın siyasi məkanı üçün yeni format idi. Siyasətçilər, vətəndaş cəmiyyətinin nümayəndələri bir qurumda təmsil olunmuşdular. Həmin uğurlu format Milli Şurada tətbiq olundu. İP-lə bağlı nöqtəni qoymaq tezdir. Bununla bağlı müzakirələr gedir. Hətta ola bilər, bundan sonra da fəaliyyətini uğurla davam etdirsin. Milli Şura ilə İctimai Palata arasında məqsədlər, iş bölgüsü, strategiyalar fərqlənəcəksə, o zaman hər biri ayrı-ayrılıqda işini davam etdirə bilər. İP 2010-cu ildə parlament seçkilərinin nəticələrini tanımadı və növbədənkənar seçkilərin keçirilməsini tələb etmək üçün mübarizə apardı. 2 ildən sonra, 2015-ci ildə də parlament seçkiləri keçiriləcək. İP-in imkanları, potensialı varsa, işi davam etdirə bilər. Doğrudan da, bu qurumun fəaliyyətinə ehtiyac olmazsa, fəaliyyətini qarşılıqlı hörmət nəticəsində yekunlaşdıra bilərik. Bəzən deyirlər ki, İP fəaliyyətinə ehtiyac yoxdur. Hesab edirəm ki, burada tələsmək olmaz. Bir qurumu yaratmaq çətindir, dağıtmaq isə bir dəqiqənin işidir”.
Qurumun digər üzvü Ədalət Yusubovun sözlərinə görə, İctimai Palata 2010-cu ildə keçirilən parlament seçkilərinin nəticələrinə etiraz olaraq yaradılmışdı: “Təbii ki, məqsəd də seçkilərin təkrar keçirilməsi idi. İP son 6 ayı nəzərə almasaq, 3 il müddətində Azərbaycanın siyasi reallıqlarına uyğun bacardığı hər şeyi etdi. Hər halda indiki siyasi reallıqları baxımdan bundan artığını gözləməyə dəyməz. Qurum xeyli dinləmələr keçirdi, eyni zamanda əhalinin marağına daxil olan aksiyaların təşkilində fəal oldu. Xalq dəstəyinə arxalanaraq, gücü nəyə çatdısa, onu da etdi. Qurumun üzvü olaraq fəaliyyətə qiymət verə bilmərəm, o qiyməti sıravi vətəndaş versə, daha yaxşı olar”.
Ə. Yusubov bildirib ki, hazırda İctimai Palatada təmsil olunanların əksəriyyəti Milli Şurada təmsil olunur: “Buna görə də iki paralel qurumun fəaliyyəti ilə bağlı müxtəlif fikirlər mövcuddur. Təbii ki, biz kifayət qədər doğmalaşmışıq, dostlaşmışıq. Hazırda dostlarımızla müzakirələri davam etdiririk. Yəni istəmirik ki, bir qurumdan digər quruma transer olunarkən hər hansı itki verək. Ümid edirəm ki, danışıqlar müvəffəqiyyətlə nəticələnəcək, yəni itki ilə deyil, daha çox qazanc əldə edəcəyik”.
İlkin PİRƏLİ