Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Füzuli rayonundan millət vəkili, Milli Məclisin sədr müavini Bahar Muradova 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı və Sumqayıtda məskunlaşmış rayondan olan məcburi köçkünlərlə görüş keçirib. Bakı şəhərində “Şuşa” şadlıq sarayında keçirilən görüşdə Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış rayondan olan şəhid ailələri, Qarabağ müharibəsi veteranları, imtiyazlı ailələr və ziyalılar üçün bayram süfrəsi açılıb.
Alı Alıyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb. Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışan Alı Alıyev Həmrəylik Gününün əsas məzmununu milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd edib.