“Eldar Namazov heç cür təşkilat qura bilməz. Bunun üçün istedad və bacarıq lazımdır. Onlara təklif etdim ki, gəlin, İlham Əliyevi dəstəkləyək. Onlar isə razılaşmadılar. Onlara görə də həmin qurumdan ayrıldım və El Hərəkatı Partiyasını təsis etdim. İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov ölkədə xaos yaratmaq istəyirdilər. Bu addımların qarşısını aldım. Sonrakı dövrdə seçkilərdə fəal iştirak etdik, hamını İlham Əliyevə səs verməyə çağırdıq”.
Bunu Modern.az-a El Hərəkatı Partiyasının sədri Əflan İbrahimov deyib. O, hazırda təşkilatın güclənməsi ilə bağlı işlərin aparıldığını qeyd edib: “Seçkidən sonra birliyi genişləndirdim, 48 rayon təşkilatını yaratdıq. Dekabrın 21-də təsis konfransı keçirildi. Orada mən sədr seçildim. Çalışırıq ki, 60-65 rayon təşkilatını yaradaq. Partiyanın qeydiyyatı üçün bütün sənədləri təqdim etmişəm. Prezidentin fəaliyyətini dəstəkləyirik. Nə qədər İlham Əliyev var, mən ona dəstək verəcəyəm və namizədliyimi də irəli sürməyəcəyəm. Nə qədər mənim partiyam var, Eldar Namazovların, Əli Kərimovların səsi çıxmayacaq. Biz konstruktiv müxalifətik, dağıdıcı müxalifət deyilik”.
Ə. İbrahimovun sözlərinə görə, partiya qarşıdan gələn seçkilərə ciddi şəkil hazırlaşır: “Qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirak edəcəyik. 2015-ci ildə keçiriləcək parlament seçkilərində də aktiv olacağıq. Çox istərdik ki, partiyamızdan 3 nəfər parlamentə düşsün. Uğur qazansaq da, qazanmasaq da, İlham Əliyevə xidmət edəcəyik. Seçkilər proporsional qaydada keçirilsə, komanda ilə iştirak edəcəyik”.
Partiya sədri “Sizin mövqeyiniz Hafiz Hacıyevin mövqeyi ilə üst-üstə düşür. Seçkilərdə onun birlikdə iştirak etməyi düşünmüsünüzmü” sualına belə cavab verib: “Allah eləməsin. Hafiz Hacıyev mədəniyyətdən kənar bir adamdır. Deyir ki, Əkrəm Əylislinin qulağını kəsdirərəm, kimisə döydürərəm. O, pula görə hər cür dona girə bilər. Məmin isə hər cür imkanım, maşınım evim, bağım, biz sözlə hər şeyim var. Mən bəy nəslindən olan adamam. Biz heç vaxt Hafiz Hacıyevlə birlikdə ola bilmərik. Yəqin ki, onun hansı tərəfdən maliyyələşdiyini bilirsiniz. Maraqlana bilərsiniz, heç nəyə ehtiyacım yoxdur. Yəni Hafiz Hacıyev kimi əyilən adam deyiləm. Özünüz də bilirsiz ki, dövlətdən maliyyələşən xeyli partiya var. Amma mən kişiyəm, tanıyan adamlar bilir ki, nəyə qadirəm. Xahiş edirəm ki, məni onunla müqayisə etməyin”.
İlkin PİRƏLİ