Ərdəbilin imam cüməsi Seyid Həsən Amili bu həftəki cümə namazının xütbələrində Azərbaycanla əlaqələrə toxunub.
Modern.az İran mətbuatına istinadən xəbər verir ki, Amili qeyd edib ki, Azərbaycan xalqının İrana sevgisi var. Onun sözlərinə görə guya Azərbaycan əhalisinin böyük bir hissəsi müstəqillik qazandıqdan sonra İrana qoşulmaq niyyəti ilə çıxış edib. “Azərbaycan xalqı müstəqillik qazandıqdan sonra sel kimi İrana axışdılar, hətta İrana qoşulmaq fikrində idilər.
70 illik ateizm və dinsizliyin təbliğinə baxmayaraq onlar İslam və İrana üz tutdular. Bundan əlavə onlar bəsirət tapdılar və onun nümunəsi məhərrəmlik əzadarlıqları və digər dini mərasimlərin icrasıdır”-deyə Ərdəbil imam cüməsi söyləyib. O, Azərbaycanda Yeni İlin keçirilməsində öz təbirincə desək, düşmənin əli olduğunu bildirib. “Amma düşmən də xalqın bu bəsirəti qarşısında hiylələrə əl atdı və 31 dekabr bu hiylələrdən birisidir. Əlbəttə, bu barədə sonra geniş danışacağam"-deyə sərsəm fikirlər səsləndirib.
Aqşin Kərimov