Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ayağı bir neçə yerdən sınan "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçi mövsümü erkən başa vura bilər.
Bu barədə Modern.az-a qərb təmsilçisinin İdarə Heyətinin sədr müavini Əli Balakişiyev məlumat verib.
O, "Sabah"la matçın 21-ci dəqiqəsində rəqib oyunçu ilə girdiyi mübarizədə zədələnən futbolçunun dərhal təcili tibbi yardım maşını ilə Gəncəyə aparıldığını bildirib:
"Marandiçi Gəncədəki özəl klinikalardan birinə aparıldı. İlkin müayinədən sonra onun ayağının bir neçə yerdən sındığı müəyyən edildi. Ayağına gips qoyulub və oradan da əməliyyat üçün Bakıya göndəriləcək. Böyük ehtimalla sabah və ya o biri gün əməliyyat olunacaq. Gedişat onu göstərir ki, futbolçumuz mövsümü erkən başa vura bilər".
Qeyd edək ki, moldovalı futbolçunun ayağı Pavol Şafrankonun hücumunun qarşısını almağa çalışarkən sınıb. "Turan Tovuz" - "Sabah" oyununun əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (3:1) paytaxt klubu 1/4 finala yüksəlib.
***
19:34
Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Turan Tovuz” - “Sabah” matçında bədbəxt hadisə baş verib.
Modern.az xəbər verir ki, matçın 22-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Denis Marandiçinin ayağı sınıb.
“Sabah”ın hücumçusu Pavol Şafranko ilə mübarizədə ayağına zərbə alan moldovalı müdafiəçi meydandan təcili tibbi yardım maşını ilə çıxarılıb.