Modern.az

Deputatlar Qarabağ əlillərinə daha yüksək güzəştlərin tərəfdarıdır

Deputatlar Qarabağ əlillərinə daha yüksək güzəştlərin tərəfdarıdır

29 Dekabr 2013, 12:21

Qarabağ müharibəsi əlili Zaur Həsənovun özünü yandıraraq həyatına qəsd etməsi bu qəbildən olan insanların problemlərini yenidən gündəmə gətirib. Bu və digər aztəminatlı şəxslərin, onların ailələrinin sosial problemlərinin həlli istiqamətində hakimiyyət zaman-zaman tədbirlər görür, Milli Məclisdə qanunlara əlavələr və dəyişikliklər edilir. Amma bəzən insanlar elə problemlə üzləşir ki, həlli mümkünsüz olur.

Modern.az Zaur Həsənovun timsalında Qarabağ qazilərinin yaşayışlarının daha da yaxşılaşdırılması üçün nələrə ehtiyac olduğunu öyrənmək üçün deputatların münasibətini öyrənib.

Bəxtiyar Sadıxov: “Dövlətin əlillərə qayğısı onsuz da var.Güzəşt məsələlərini biz Avropa Şurasının tələbi ilə ləğv edirik. Bazar münasibətləri olan cəmiyyətdə dövlətin güzəşti nəzərdə tutulmur”.

Onun fikrincə, dövlət hər hansı bir qurum üçün dəstək nəzərdə tutursa, onun mənbəyi olmalı, ödənilməlidir: “Avropa Şurası qarşısında bizim öhdəliklərimiz var. Müəyyən mənada biz kənara çıxmışıq. Amma yenidən güzəştlər müəyyən etmək bir az problemli məsələdir. Bundan ötrü kiminsə qaldırdığı məsələnin həll olunacağına inanmıram. Bütövlükdə Qarabağ qazilərinin müəyyən güzəştləri var. Cənab prezidentin göstərişi ilə şəhid ailələri üçün vəsait ödənilir, hər il onun miqdarı artırılır. Dövlət tərəfindən ən böyük qayğı odur ki, pulsuz şəkildə onlara evlər tikilib, təmir olunub verilir. Hər bir halda isə əlillərin reabilitasiyası, onlara avtomobillərin verilməsi, müalicə üçün xaricə göndərilməsi kimi hallar dövlət tərəfindən həyata keçiriliir. Amma indən belə güzəştlər, başqa imtiyazların verilməsi məsələsinin qaldırılmasına, bu haqda nəsə deməyə çətinlik çəkirəm”.

Elman Məmmədov: “Qarabağ əlillərinin həyat şəraitinin yaxşılaşdırılması, onlara daim qayğı göstərilməsi, onların sosial-məişət təminatlarının ödənilməsi həmişə gündəlikdə durmalı, cəmiyyətin diqqətində olmalıdır. Bunu bir Qarabağ qazisi öldü deyə demirəm. Allah rəhmət etsin! Biz müharibəni bitirməmişik. Onlar vətən uğrunda əlil olan insanlardır. Lap əlil olmasa da, vətən uğrunda döyüş yolu keçib, müharibə veteranı olan insanlar daim dövlətin qayğısı altında olmalıdır. Hesab edirəm ki, bu qayğını, sosial güzəştləri daha da artırmaq lazımdır. Daha yüksək səvviyyədə etmək, onlara daha həssas yanaşmaq lazımdır”.

Bəxtiyar Əliyev: “Zaur Həsənova Allah rəhmət etsin! Ümumiyyətlə, Qarabağ döyüşçülərinin, şəhidlərinin, onların ailələrinin hər biri üçün dövlət qayğısı var. Müvafiq qərarlar qəbul olunub. Dövlət başçısı tərəfindən də bununla bağlı müəyyən sərəncamlar imzalanıb. Amma gələcəkdə onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı müəyyən tədbirlər görülməlidir. Şübhə etmirəm ki, bu işlər görüləcək. Qarabağ döyüşlərində iştirak etmiş hər bir şəxsə qarşı bütün srukturlar və bütün insanlar, sadə vətəndaşdan tutumuş məmura qədər hər kəs diqqət, qayğı, sayğı göstərməlidir. Çünki onlar vətən uğrunda döyüşmüş insanlardır. Gənc nəsil üçün bu nümunədir ki, vətəni  kim qoruyacaq, onu qoruyan insana ölkənin, cəmiyyətin münasibəti necə olacaq. Bu çox vacib olan bir məsəlidir”.

Aqil Abbas: “Zaman-zaman Qarabağ qazilərinin əlillik pulu artırılır. Amma onların sosial problemləri daim nəzarətdə olmalıdır. Mənim də şəhidim var. Bacımın əri şəhid olub. O ailənin də problemləri var. Bu problemlərin həll olunması üçün təbii ki, dövlət proqramı ilə müvafiq tədbirlər həyata keçirilir. Düşünürəm ki, yeni dövlət proqramının qəbul olunmasına ehtiyac var. Çox güman ki, parlamentdə bu məsələ qaldırılacaq.”

Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi