Modern.az

Azərbaycanlılar tarixən könüllülük prinsiplərinə dəyər verib

Azərbaycanlılar tarixən könüllülük prinsiplərinə dəyər verib

Ölkə

5 Dekabr 2024, 16:56

BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.

Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən biri də könüllülük fəaliyyətidir. 2009-cu ildə "Könüllü fəaliyyəti haqqında" qanunun qəbul edilməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında xüsusi rol oynadı. Bu geniş və əsaslı qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu.

Könüllülər indiyədək Azərbaycanın yüksək səviyyədə evsahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və "Formula-1" yarışları kimi mötəbər beynəlxalq tədbirlər zamanı olduğu kimi, qlobal əhəmiyyətli BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilində də mühüm rol oynayıblar.

Qlobal iqlim siyasətində böyük əhəmiyyət daşıyan və dünyanın 196 ölkəsindən gələn müxtəlif millətlərdən olan qonaqları bir araya gətirən COP29-da 3000-dən çox könüllü fəaliyyət göstərdi. İqlim konfransının Könüllülük Proqramının qeydiyyat prosesinə 29 may tarixində start verildi. İlk 24 saat ərzində Azərbaycanda rekord qeydiyyat göstəricisinə nail olundu. Belə ki, bir gündə 9000 nəfər könüllülük üçün qeydiyyatdan keçdi. 

Könüllülük proqramına başlanılan andan etibarən xarici könüllülər üçün də müraciət imkanı yaradıldı, 80-dən çox əcnəbi vətəndaş COP29-un könüllüsü olaraq təşkilati işlərə qoşuldu, onlarla ayrılıqda müsahibə və təlimlər təşkil edildi. Xarici könüllülər, əsasən, Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya, Kolumbiya, Belarus, Cənubi Koreya, Çin, Gürcüstan, Hindistan, Türkmənistan, Pakistan, Nigeriya, Qırğızıstan və digər ölkələrin vətəndaşları idi. Ümumiyyətlə isə 16 mindən çox şəxs COP29 könüllüsü olmaq üçün qeydiyyatdan keçmişdi.

Modern.az mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar İskəndərovla həmsöhbət olub.

Deputatın sözlərinə görə, könüllülük insanda mənəvi keyfiyyətlərin yüksəlməsində, humanist dəyərlərə hörmət ruhunda tərbiyə olunmasında və insanın əsas da gənclərin yetişməsində mühüm rol oynayan sistemdir

“Azərbaycan insanı tarixən könüllülük prinsiplərinə xalq olaraq dəyər verib. Biz tarixən öz adət-ənənələrimizdə bu məsələdə çox həssas olmuşuq.Məişət zəmnində hansısa hüzr düşəndə və yaxud toy günlərində yaxınlar, qonşular könüllü olaraq bir çox xidmətləri həyata keçiriblər. Qarşılığında heçnə gözləmədən hər bir insan bu işləri yaxınları üçün könüllü şəkildə həyata keçirib. Bu bizdə bir milli dəyər anlamına gəlib”.

V.İskəndərov qeyd edib ki, cənab Prezident gənclər siyasətində gənclərimizin könüllülük prinsiplərinə hörmət ruhunda tərbiyə olunmasına, onların bütün sahələrdə könüllü şəkildə xidmət göstərməsinə, təcrübə toplamasına böyük önəm verir:

“Dövlət tərəfindən gənclər üçün bütün şərait yaradılıb. Azərbaycan gəncləri könüllü kimi ölkəmizdə təşkil olunan dünya əhəmiyyətli tədbirlərdə çox uğurlu təcrübə toplayıblar. İlk olaraq ölkə başçımız cənab İlham Əliyevin müəllifi olduğu ASAN Xidmət modelində ASAN könüllülər bu hərəkatın flaqmanı sayıla bilər. Sözün əsl mənasında bu xidmət sahəsində Azərbaycan gəncləri könüllü kimi çox böyük dəyər və qazanıblar. ASAN könüllülərinin bir çoxu sonradan həmin dövlət qurumunda uğurla işçi kimi də fəaliyyət göstərirlər”.

Müsahibimiz sonda qeyd edib ki, ölkəmizdə təşkil olunan Birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, yeni başa çatmış COP29 tədbirində Azərbaycan gəncləri könüllü kimi çox uğurlu fəaliyyət göstərdilər:

“Təbii olaraq ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var. Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncləri ilə bağlı bir çox dövlət proqramlarının müəllifi olub. Ölkə başçımız cənab İlham Əliyev dəfələrlə Azərbaycan gəncləri dövlət proqramını, gənclərlə bağlı strategiyanı, gənclərimizin həm milli həm də vətənpərvər ruhda tərbiyə alması ümumiyyətlə onların hərtərəfli inkişafına çox böyük dəstək verən proqramları qəbul edib. Bu gün də həmin proqramlar uğurla icra olunur. Könüllülük prinsipləri də həmin proqramlarda əsas müddəalardan biridir. Düşünürük ki, Azərbaycan gənclərinin ölkənin hərtərəfli inkişafında könüllü olaraq fəaliyyət göstərmələri onların milli ruhda tərbiyə almasına, gələcəkdə əmək bazarında yer tutmasına, ölkəmizin ümumi inkişaf strategiyasında layiqli yer tutmalarına böyük önəm verildiyini və onların bu etimaddan uğurla yararlanmasını təsdiq edir”.

Rəşid Qarayev 

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda dərc olunub

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi