Modern.az

Səhiyyə Nazirliyi illik hesabatını açıqladı

Səhiyyə Nazirliyi illik hesabatını açıqladı

29 Dekabr 2013, 13:52

“2013-cü il ərzində 376 xüsusi razılıq (lisenziya) olmadan özəl tibb və ya əczaçılıq fəaliyyətilə məşğul olma faktı aşkar olunaraq inzibati icraat aparılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 176 tibb işçisi barədə məsuliyyət tədbirləri görülmüş, 1 müraciət üzrə cinayət xarakterli pozuntu faktı aşkar olunduğundan 1 tibb işçisi barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi vasitəsilə cinayət işi qaldırılıb”.

Modern.az xəbər verir ki, bunu ötən gün Səhiyyə Nazirliyinin kollegiya iclasında Səhiyyə Nazirliyinin tibbi yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladova deyib. O bildirib ki, son illərdə dərmanların keyfiyyətinə nəzarət, saxta dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Hazırda 4278 adda dərman vasitəsi dövlət qeydiyyatına alınmış və dərman vasitələrinin dövlət reyestrinə daxil edilib. Əczaçılıq fəaliyyəti göstərən müəssisələrə və satılan dərman preparatlarının keyfiyyətinə nəzarət gücləndirilib. Bununla əlaqədar respublikada fəaliyyət göstərən apteklərə mütəmadi olaraq baxış keçirilir, qeyri-qanuni fəaliyyət göstərən müəssisələr barədə tədbir görülür. 2013-cü il ərzində ümumilikdə ölkə üzrə 270 aptekdə yoxlamalar keçirilib. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 5 aptek aşkarlanaraq fəaliyyətləri dayandırılıb. Həmçinin keçirilən reydlər nəticəsində dövlət qeydiyyatına alınmamış və yararlıq haqqında analiz protokolları olmayan 8601 qutu, istifadə müddəti bitmiş 65 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib. Səhiyyənin tərkib hissəsi olan özəl səhiyyə strukturlarının fəaliyyətinin də nazirliyin diqqət mərkəzində olduğunu deyən şöbə müdiri onu da qeyd etdi ki,  hazırda respublika üzrə 500-ə yaxın özəl tibb müəssisəsi və kabineti, eləcə də 600-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyi mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır. “Tibb fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi işinin təkmilləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək ixtisaslı mütəxəssisləri cəlb etməklə müasir tələblərə uyğun dürüst və şəffaf üsullarla həyata keçirilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin əmri ilə xüsusi komissiya və Analitik Ekspertiza Mərkəzində müvafiq şöbə yaradılıb. Bu sahədə nəzarətin gücləndirilməsi nəticəsində yalnız Bakı şəhərində lisenziyasız fəaliyyət göstərən stomatoloji xidmət göstərən 200-dən artıq hüquqi və fiziki şəxslər aşkar edilərək, onlar barədə müvafiq tədbir görülüb”. Ümumiyyətlə 2013-cü il ərzində 376 xüsusi razılıq (lisenziya) olmadan özəl tibb və ya əczaçılıq fəaliyyətilə məşğul olma faktı aşkar olunaraq inzibati icraat aparılıb. Cari il ərzində tibb müəssisələrinin və səhiyyə işçilərinin fəaliyyəti ilə bağlı vətəndaşların ərizə və şikayətləri əsasında araşdırmalar aparılaraq müəyyən tədbirlər görülüb. İl ərzində Səhiyyə Nazirliyinə 16 mindən artıq, o cümlədən 1566 elektron xidmət vasitəsilə müraciət daxil olub.

Bundan əlavə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 290, Səhiyyə Nazirliyinin “qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 314 neqativ hal barədə şikayətə nazirlikdə baxılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 176 tibb işçisi barədə məsuliyyət tədbirləri görülmüş, 1 müraciət üzrə cinayət xarakterli pozuntu faktı aşkar olunduğundan 1 tibb işçisi barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi vasitəsilə cinayət işi qaldırılıb”.

 

  Gültəkin ƏLƏSGƏR      
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!