Müsavat Partiyasının başqanı İsa Qəmbərin bu gün partiyanın Ali Məclisinin toplantısındakı çıxışında Milli Şura və oradakı üzvlərlə bağlı dediklərinə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı münasibət bildirib.
F. Qəhrəmanlı Modern.az-a açıqlamasında deyib ki, Milli Şurada heç kimi Müsavat Partiyasına qarşı kampaniya aparmır: “Problem Müsavatın Milli Şuradan ayrılması ilə bağlıdır. Bu günə kimi Rüstəm İbrahimbəyovun fəxri sədrliyi bəhanə gətirilirdi, artıq, o bəhanə yoxdur. Müsavat Partiyası onlara qarşı hər hansı fikir söyləmədən, kampaniya aparılmadan birtərəfli qaydada özləri bu məsələni gündəmə gətiriblər. Milli Şura üzvləri də buna narazılıqlarını bildirdilər. AXCP Milli Şuranın bütövlüyünün qorunmasında maraqlıdır. Buna görə də dəfələrlə mövqeyimizi bildirmişik ki, Müsavatın Milli Şuradan ayrılmasını istəmirik. Müxtəlif bəhanələrlə Müsavat qurumdan ayrılmaq üçün əsas yaradır. Deyirlər ki, guya onlara qarşı kampaniya aparılır. Bu, əsassız fikirdir. Göstərsinlər ki, kim Müsavata qarşı kampaniya aparır. Mətbuatda yalnız Müsavatın Milli Şuradan ayrılması ilə bağlı fikirlər səsləndirilib. Bundan başqa Müsavatla bağlı hər hansı fikrə rast gəlməmişəm. Yəqin ki, belə bir fakt da yoxdur”.
AXCP funksioneri qeyd edib ki, AXCP Müsavatla Milli Şura çərçivəsində müttəfiqlik edir: “Müsavatın təklif etdiyi müttəfiqliklə bağlı sazişin imzalanması Milli Şurada qalmaqla əlaqələndirmək doğru deyil. Bu saziş iki tərəfli münasibətləri tənzimləyir. Biz hesab edirik ki, indiki halda Müsavatla münasibətlərimiz Milli Şurada daxilində tənzimlənir və qurumdan kənarda hər hansı münasibət yaratmağa ehtiyac yoxdur. Bu sazişin imzalanması ilə bağlı Müsavat tərəfindən israr olarsa, bu, o deməkdir ki, Müsavat Milli Şuradan ayrılandan sonra özünə qarşı ola biləcək tənqidlərin qarşısını almağa çalışır. Ona görə də məsələyə aydın, səmimi şəkildə yanaşmaq lazımdır. Milli Şurada Müsavat Partiyasına qarşı hər hansı kampaniya aparılmır, əksinə Milli Şuranın fəaliyyətini, onun gözdən salınması istiqamətində Müsavat tərəfindən kampaniya aparılır”.
Qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər Məclisdəki çıxışında Müsavatı hədəfə alanlara sərt mesajlar verib: “Elə bil, Müsavata qarşı səlib yürüşünə başlayıblar. Əvvəlcə “ya Rüstəm İbrahimbəyov, ya da Rüstəm İbrahimbəyov” deyirdilər. İndi də “ya Milli Şura, ya da Milli Şura” deyirlər. Milli Şuranı müqəddəs inək kimi toxunulmaz elan ediblər”.
İ. Qəmbər qeyd edib ki, Milli Şura Müsavatsız fəalliyyət göstərə bilməz: “Milli Şura Müsavatsız da mümkün deyil. Bəziləri Milli Şurada Müsavatsız hər şeyin yaxşı olacağını deyirsə, deməli, bu adamlar Milli Şuranı dağıtmaq istəyirlər. Bizim Milli Şuradan çıxmaq fikrimiz yoxdur. Bizimlə dostluğa, əməkdaşlığa, müttəfiqliyə razı olmayan qüvvəyə biz necə etimad göstərə bilərik? 6 aylıq Milli Şuranı müqəddəs elan edənlər 100 illik Müsavat Partiyasına qarşı Səlib müharibəsi elan ediblər”.
İlkin PİRƏLİ