Modern.az

Əlillik sənədi olan 1468 nəfər nazirliyin müayinəsinə gəlməkdən yayınıb

Əlillik sənədi olan 1468 nəfər nazirliyin müayinəsinə gəlməkdən yayınıb

29 Dekabr 2013, 15:52

Dekabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ilkin əlillik müayinələri ilə bağlı aparılmış araşdırmaların nəticələrinə dair brifinq keçirilib.

Modern.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov brifinqdə bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ilkin əlillik qrupları təyin olunmuş onkoloji, dializ xəstələrinə, I qrup əlilliyi olanlara, penitensiar müəssisələrdə cəza çəkənlərə, ümumilikdə 2300 nəfərə yaxın şəxsə əlillik arayışlarının verilməsi qısa müddətdə təmin olunub. 

Növbəti mərhələ kimi, ölkə üzrə ümumilikdə 17 min nəfərdən artıq vətəndaşın II və III qrup əlillik üzrə ilkin əlillik müayinələri ilə bağlı aparılmış işlərin yerindəcə araşdırılması, əyani müayinəsi tələb olunan şəxslərin  müayinədən keçirilməsi məqsədilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmrinə əsasən 8 işçi qrupu yaradılıb.

İşçi qrupları tərəfindən 15 gün ərzində aparılan araşdırmalar 25 dekabr 2013-cü il tarixdə başa çatdırılıb. Araşdırmalar zamanı respublika üzrə 16850 nəfərin ilkin əlillik sənədlərindən 3653 nəfərinin sənədləri qiyabi şəkildə yoxlanılaraq təsdiq edilib, 11729 nəfərin ilkin əlillik sənədləri isə həmin şəxslərin əyani müayinəsi aparılmaqla yoxlanılıb.    

Əyani müayinəsi aparılmış vətəndaşlardan 753 nəfəri (6,4 faizi) barədə  əlavə müalicə müəyyən olunub, qalan 10976 nəfərdən 1023 nəfəri (9,3 faizi) tam reabilitasiya, 905 nəfəri (8,2 faizi) isə hissəvi reabilitasiya olunub. Əyani müayinəyə dəvət edilmiş 13197 nəfərdən 1468 nəfəri (11,1 faizi) müayinəyə gəlməyib.

Beləliklə, araşdırmaların nəticəsi olaraq, işçi qrupları tərəfindən 13606 nəfərə ilkin əlillik təyin edilib və bu gündən başlayaraq həmin şəxslərə müvafiq müayinə aktından çıxarışlar təqdim olunur.

Nazirlik bəyan edib ki, əlillik müayinələrinin aparılmasında şəffaflığın təmin olunması işləri bundan sonra da davam etdiriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!