“Qurani-Kərimdə insanlara özlərinə qəsd etmək qadağan olunur. İslam dininin məntiqinə görə, insan Allahın ona verdiyi cana qəsd etməməlidir. Çünki can Allahın əmanətidir. Tanrının əmanətinə insanların sahib çıxmaması, özlərinə qəsd etməsi İslama görə, ən ağır günahlardandır. Eyni zamanda çoxlu sayda hədis və İslamın ilk illərinə aid rəvayətlər var ki, burda Məhəmməd Peyğəmbərin (s.ə.s) öz dilindən intihar, özünəqəsd pislənilir”.
Bunu Modern.az saytına açıqlamasında dini yazar Kənan Rövşənoğlu bildirib. “Əlbəttə, insanlara zülm etmək, onları çarəsiz vəziyyətdə buraxmaq daha böyük günahdır. Qurani-Kərimin ayələrinin böyük bir hissəsi məhz insanlara zülm etmək, xüsusən də məzlum, köməksiz insanlara zülm etməkdən çəkindirir. Müqəddəs Kitab buyurur ki, Allah hətta Ona qarşı edilən günahları əfv edər, amma bir insanın başqasına qarşı etdiyi günahı əfv etməz. Yalnız zülm olunan insan zülm edəni əfv edərsə, Allah da onu əfv edər. Bu mənada zülm etmək ən böyük günahdır”, – deyə K. Rövşənoğlu əlavə edib.
“Dində intihar haramdır. İnsanın intihar etməyə ixtiyarı yoxdur. İslam aləmində intihar etmiş bir insanı müsəlman kimi dəfn etmək, ona namaz qılmaq, ehsan vermək olmaz. Lakin insanı əsəbiləşdirmək, intihara sövq etmək özü də müqəssirlikdir. Belə bir şəxs cəzasını almalıdır”.
Bunu da Modern.az-a Qafqaz Ruhanilər İdarəsi fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə bildirib.
Qeyd edək ki, son günlərdə Azərbaycanda özünü yandırmaqla bir neçə intihar cəhdi baş verib.
Gülşən Raufqızı