Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə deyil.
Modern.az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, rəsmi açıqlamaya baxmayaraq, dövlət başçısı şəhərdə ola biləcəyi yerlərin heç birində yoxdur.
Bildirilir ki, siyasətçini qoruyan və səfələri zamanı onu müşayiət edən mühafizəçilər də yoxdur.
“Bu səbəbdən Əsədin qaça biləcəyi ilə bağlı fərziyyələr ortaya çıxmağa başlayıb. Müxalif qüvvələr Əsədin harada olması barədə etibarlı məlumatlara malik deyillər və onu tapmaq üçün cəhdlərini davam etdirirlər”, - telekanal bildirib.
***
18:56
Suriya prezidenti Bəşər Əsədin ölkədən qaçdığı barədə xəbərlər yayılıb.
Modern.az-ın məlumatına görə, bir sıra ərəb və qərb mətbuatı onun Suriyanı tərk etdiyini bildirib.
Bəzi KİV-lər onun İrana, digərləri Rusiyaya getdiyini iddia edib.
Ancaq Suriya Prezidentinin mətbuat xidməti iddiaları təkzib edib.
Prezidentin sarayından bildirilib ki, Əsəd Dəməşqdədir və ölkəni tərk etməyib.
Bəyanatda vurğulanır ki, Suriya liderinin başqa ölkələrə gizli səfərləri ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
“Bəzi xarici media prezident Bəşər Əsədin Dəməşqi tərk etməsi, onun bu və ya digər ölkəyə gizli səfərləri ilə bağlı şayiələr və yalan xəbərlər yayımlayır. Prezident Aparatı bütün bu şayiələri təkzib edir”, - deyə rəsmi açıqlamada vurğulanıb.
Prezidentin mətbuat xidməti, həmçinin Ədədin “işini, milli və konstitusiya məsuliyyətlərini Dəməşqdən yerinə yetirməyə davam etdiyini” qeyd edib.