Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlik sistemində vakant vəzifələr üzrə yeni gənc kadrların işə cəlb olunması sahəsində görülən işlərdın danışıb.
Modern.az-ın məlumatına görə, Səlim Müslümov nazirlikdə öz vəzifə funksiyalarını düzgün yerinə yetirməyən və dövlət qulluqçusunun etik davranış qaydalarına uyğun olmayan hallara yol verən əməkdaşların vəzifələrindən azad edildiklərini bildirib.
Qeyd edib ki, bununla əlaqədar dövlət qulluğunun inzibati vəzifələri üzrə yeni vakant yerlərə layiqli kadrların cəlb olunması məqsədilə nazirlik tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət edilərək, Komissiyanın keçirdiyi müsabiqələrdə və müsahibə mərhələlərində uğur qazanmış, son iki ildə Komissiyanın ehtiyat kadrlar siyahısında olan iqtisadçı və ya hüquqşünas ixtisaslarına malik namizədlər barədə məlumatlar alınıb.
Məlumatlar əsasında 35 nəfər gənc son iki gündə nazirliyə dəvət olunaraq, onlara müvafiq vəzifələr təklif edilib. Onlardan sosial müdafiə sahəsində işləmək qabiliyyəti olan 16 nəfər gənc öz seçimlərinə uyğun olaraq rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərində inzibati vəzifələr üzrə vakant yerlərə təyin ediliblər.
S.Müslümov deyib ki, nazirlik bundan sonra da mövcud vakant vəzifələrə kadr təyinatlarının aparılması işlərini müvafiq qanunvericiliyə uyğun şəkildə davam etdirəcək.
Səlim Müslümov yeni işə qəbul olunan gənclərə üz tutaraq, onlara dövlət qulluqçusu olmağın şərəfini daim uca tutmağı və çalışacaqları kollektivdə daim nümunəvi fəaliyyət və davranışları ilə seçilməyi arzulayıb.
Modern.az