“İran zahiri dəyişikliklər yolu tutmaqla Qərbi aldatmağa çalışır. İran-“6-lıq” və İran-Amerika münasibətlərində real nəticəyə gəlmək mümkün olmayacaq. Ola bilsin, tərəflər müəyyən dərəcədə razılığa gəlsinlər. Məsələ bundadır ki, İran əldə edilmiş sazişə axıra qədər riayət edəcəkmi, uranın saflaşdırılması prosesini dayandıracaqmı, ölkədəki atom müəssisələrini MAQATE-nin nümayəndələrinə açacaqmı? Bu məsələlərdə mənim ciddi ümidlərim yoxdur. Çünki İranın xeyli nüvə obyektləri dağların altında gizlədilib, heç ondan dünyanın da xəbəri yoxdur”.
Bunu Modern.az-a politoloq Qabil Hüseynli İsveçrənin Cenevrə şəhərində İranla “6-lıq” ölkələri arasında nüvə proqramı ilə bağlı aparılacaq müzakirələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, danışıqlar prosesində Amerika zəiflik göstərir: “Həmçinin burada “6-lıq” ölkələri də fəal deyil. Yəni İranla ciddi qarşıdurmaya getmirlər. Çünki İrana qarşı sanksiyalar onlara da ziyan verir. Bu baxımdan deyə bilərəm ki, İrana qarşı olan əvvəlki yanaşma, təhdidedici mövqe, artıq yeni münasibətlərin yaradılmasına cəhd kimi formalaşmağa başlayıb. Danışıqlar ilkin mərhələdə konsensusa gətirəcək, amma son nəticədə qarşıya qoyulmuş hədəflərə çatmağa imkan verməyəcək”.
Q. Hüseynli danışıqlarda müsbət nəticə əldə ediləcəyini mümkünsüz sayır: “Amerika İrandan şübhələnməyə başlayıb. Gizli servislər, xüsusi xidmət orqanları İranın üzdə bir sözü deyib, arxada başqa hərəkət etdiyini və İranın özündə mühafizəkar dairələrin Qərblə əldə edilmiş sazişə əməl etməməyə çağırışının şahidi olurlar. Nə qədər ki, İranda teokratik rejim iş başındadır, onlarla diplomatik nəticələr əldə etmək mümkün olmayacaq. Danışıqlarda nəticələr əldə olunmasa, Yaxın Şərqi çox ciddi qarşıdurmalar gözləyir. Bu qarşıdurmaların əsas səbəbkarları da Rusiya və İrandır. Zənnimcə, Qərb hazırda qarşıdurmalara getməyə hazır deyil, xüsusən də Amerika. Amerikanın prezidenti iradəcə o qədər möhkəm adam deyil. O, birtəhər prezidentliyini başa vurmağa çalışır. Həmin əhval-ruhiyyə də Qərb ölkələrinə sirayət edir. İran da bunu anladığından danışıqlarda sərt mövqe ilə çıxış edir. Danışıqlarda müsbət nəticə əldə ediləcəyinə inanmıram. Çünki İsrail İranın mövqeyinə inanmamağa çağırır. Hər halda İranın nüvə silahına can atdığı bir faktdır”.
Qeyd edək ki, bu gün İsveçrənin Cenevrə şəhərində İranla “6-llıq” ölkələri arasında nüvə proqramı məsələləri müzakirə ediləcək.
İlkin PİRƏLİ