2003-cü il dekabrın 9-da Meksikanın Merida şəhərində keçirilən Yüksək Səviyyəli Siyasi Konfransda 2003-cü il noyabrın 1-də BMT Baş Məclisi tərəfindən qəbul edilmiş BMT-nin Korrupsiya Əleyhinə Konvensiyası imzalanmaq üçün açıq elan edilmişdi.
Bu sənədi imzalayan dövlətlər rüşvətləri, büdcə vəsaitlərinin oğurlanmasını və korrupsiya yolu ilə əldə edilmiş gəlirlərin təmizə çıxarılmasını cinayət elan etməyə borcludurlar. Konvensiyanın müddəalarından birinə görə vəsaitlər korrupsiya nəticəsində hansı ölkədən daxil olmuşdursa, həmin ölkəyə qaytarılmalıdır.
2003-cü il Konvensiyası bu qəbildən ilk sənəddir. Konvensiya bütün strukturların korrupsiyaya qurşanmasını milli rifaha ziyan vurduğu ölkələr üçün xüsusilə əhəmiyyətlidir.
Bu sənəd “Ölkələrin inkişafına ziyan vuran, demokratiya və hüquqi dövlət rejimi üçün təhlükə mənbəyi olan” korrupsiyaya qarşı mübarizədə beynəlxalq hüququn mühüm vasitəsinə çevrilməlidir.
Bu gün dünyanın bir sıra ölkələrində korrupsiyaya qarşı beynəlxalq mübarizə gününə həsr edilmiş nümayişlər, görüşlər, konfranslar, seminarlar və başqa tədbirlər keçirilir.
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birini də cəmiyyətdəki neqativ hallara, qanun pozuntusuna, korrupsiyaya və rüşvətxorluğa qarşı intensiv mübarizə təşkil edir. Ölkədə gerçəkləşdirilən sosial-iqtisadi islahatların səmərəliliyini artırmaq məqsədilə korrupsiyanın yayılmasının qarşısının alınması və hüquqpozmaların aradan qaldırılması dövlətin bu yöndə həyata keçirdiyi tədbirlərin başlıca istiqamətlərindəndir.
Azərbaycan Prezidenti çıxışlarında ölkəmizin iqtisadi inkişafına maneə ola bilən bütün neqativ halların aradan qaldırılmasının, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin vacibliyini bildirib. “Əlbəttə ki, cəza tədbirləri də olmalıdır, hüquq-mühafizə orqanları da bu istiqamətdə öz fəaliyyətlərini davam etdirməlidirlər. İnzibati tədbirlər də görülür və görüləcəkdir. Ancaq institusional tədbirlərin genişlənməsi, tətbiqi, sistem xarakterli islahatların aparılması və davam etdirilməsi, hesab edirəm ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da yaxşı imkan yaradacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
korrupsiyaya qarşı mübarizə çərçivəsində aparılan islahatlar öz müsbət təsirini verməkdədir. “Elektron xidmət”, “Elektron hökumət” layihələri, xüsusilə “ASAN xidmət”in yaradılması şəffaflığın təmin edilməsində mühüm amillərdən biridir.
Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Bu sənədin təsdiqlənməsi Azərbaycanın özünün inkişafının indiki mərhələsində korrupsiyaya qarşı mübarizəyə yeni baxışını və niyyətini ifadə edir. Sənəddə vurğulandığı kimi, korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlər isə məhz bu inkişafın başlıca amilləridir. Milli Fəaliyyət Planı ölkəmizin hazırkı inkişaf mərhələsində korrupsiyaya qarşı mübarizə sahəsində görülməli olan sistem xarakterli tədbirlərin effektivliyini və davamlılığını təmin edəcək fundamental bir sənəddir.
Millət vəkili Aydın Mirzəzadə Modern.az-a açıqlamasında bildirib ki, korrupsiya istənilən dövlət və cəmiyyət üçün təhlükəli bir bəladır:
“Korrupsiyaya qarşı mübarizə tarix boyu əsas məsələlərdən biri olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən, xüsusilə də Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmizdə korrupsiya ilə mübarizənin səmərəli sisteminin yaradılmasına böyük əhəmiyyət verildi. Demokratik Azərbaycanda konstitusiya qəbul edildi, özünü nəzarət sistemi tətbiq edildi, üç pilləli məhkəmə sisteminin yaradılması, insan hüquq və azadlıqlarının bərqərar olması korrupsiya ilə mübarizədə çox mühüm addım oldu. Eyni zamanda korrupsiya yaradacaq mənbəyi olan şəraitlərin aradan qaldırılması da əhəmiyyətli məsələyə çevrildi”.
Müsahimiz qeyd edib ki, bu gün dövlət qulluğuna qəbulun təkmilləşdirilməsi korrupsiya ilə mübarizədə böyük bir addımdır:
“Eyni zamanda hakimlərin qəbul prosesi və ali məktəblərə qəbulun şəffaf keçməsi də bu qəbildən olan məsələlərdən hesab edilə bilər. Korrupsiya ilə mübarizədə ASAN Xidmət və DOST Xidmətinin yaradılması da cəmiyyətdə böyük razılıqla qarşılanıb. Azərbaycanın yaratdığıbu iki sistem bu gün dünyada nümunə kimi götürülür. Birləşmiş Millətlər Təşkilatı, regional və beynəlxalq təskilatlar tərəfindən bu praktika təcrübə nümunəsi kimi yayılır”.
A.Mirzəzadə sonda vurğulayıb ki, korrupsiya ilə mübarizədə inzibati metodlardan da güclü istifadə edilir:
“Baş Prokurorluqda Korrupsiya ilə Mübarizə İdarəsinin səmərəli fəaliyyəti göz qarşısındadır. Korrupsiyaya uğramış bir çox vəzifəli adamların gurultulu məhkəmə prosesləri də dövlətin qətiyyətini göstərir. Keçmiş nazirlərin, icra hakimiyyəti başçılarının, ayrı-ayrı vəzifəli şəxslərin, hətta general rütbəsində olan şəxslərin korrupsiya fəaliyyətinə görə ittiham edilərək həbs edilməsi də dövlətin korrupsiya iləmübarizədə qətiyyətini göstərir. Bundan sonra da bu məsələ Azərbaycan dövlətinin diqqətində olacaq. Səlahiyyətli şəxslərin hər biri dövlətə şərəflə qulluq etməyi və dövlət malına göz dikməməyi özü üçün həyat norması etməlidir”.
Rəşid Qarayev
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda dərc olunub