Modern.az saytı bir müddət öncə Azərbaycanın tanınmış jurnalısti, “Azadlıq” qəzetinin keçmiş baş redaktoru Gündüz Tahirlinin Amerika Birləşmiş Ştatlarına köçdüyü barədə xəbər vermişdi. Həmin xəbərdən sonra Gündüz Tahirli mediaya açıqlamasında özü haqda yayılan xəbəri təkzib etməyə çalışaraq, “Azərbaycandan getməmişəm” deyə bildirmişdi.
Ancaq bu gün onun ABŞ-da yaşadığı növbəti dəfə təsdiq olunub. Modern.az-ın məlumatına görə, ANS-in Amerikadakı müxbiri Sevinc Osmanqızının Vaşinqtondan hazırladığı reportajda Gündüz Tahirli də görüntülənib. Belə ki, ANS-in əməkdaşına müsahibə verən G.Tahirli ABŞ-dakı Azərbaycan ictimaiyyətinin nümayəndəsi kimi danışıb. Görüntüdə onun xanımı və qızı da yanında olub.
Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin nəvəsi olan Gündüz Tahirlı 1994- 2001-ci illərdə “Azadlıq” qəzetinin baş redaktoru olub. 2001-ci ilin sonlarında “Yeni Yüzil” qəzetini açıb, 2002-ci ilin aprelində qəzet fəaliyyətini dayandırıb. Bundan sonra G.Tahirli aktiv jurnalistlik fəaliyyətinə son verərək, biznes sektoruna gedib.