Modern.az

Nəsiminin Suriyadakı türbəsindən xəbər var - “Şairin məzarı dağıdılıb” iddiasına CAVAB 

Nəsiminin Suriyadakı türbəsindən xəbər var - “Şairin məzarı dağıdılıb” iddiasına CAVAB 

Reportaj

10 Dekabr 2024, 11:32

Suriyada vətəndaş müharibəsinin son vaxtlar yenidən alovlanması və bu ölkənin Hələb şəhərinin əldən-ələ keçməsi Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin məzarını da gündəmə gətirib. Məlum olduğu kimi, İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir.

Noyabrın 30-da Suriyadakı “Heyət Təhrir əl-Şam” müxalif silahlı qruplaşması Hələbə nəzarəti ələ keçirərkən Bəşər Əsəd rejimininin şəhərdəki hərbi qüvvələri ilə döyüşlər gedib. Suriya mənbələrindəki məlumatlara görə, döyüşlər zamanı Hələbdəki tikililərə də ciddi ziyan dəyib, dağıntılar olub.

Suriyadakı hərbi münaqişələr fonunda Nəsiminin məqbərəsinin taleyi Azərbaycan cəmiyyətində narahatlıq doğurur.

Nəsiminin böyük dağıntılara məruz qalmış Hələb şəhərindəki məqbərəsi də ziyan çəkibmi?

Modern.az saytı bu suala cavab axtarıb və... tapıb.

Qeyd edək ki, Azərbaycanın rəsmi qurumlarında hələ ki Nəsimi məqbərəsinin son durumu ilə bağlı ətraflı bilgi yoxdur.

Araşdırmalarımız zamanı bəzi xarici internet resurslarında Nəsiminin türbəsilə bağlı iddialara rast gəldik. Bu iddialarda Hələbdəki son döyüşlər zamanı hürufiliyin öncüllərindən olan şair İmadəddin Nəsiminin də məzarının dağıldığı bildirilib.

Məsələn, Türkiyənin xalq musiqisi sənətçisi və siyasətçi Səbahət Akkiraz Hələbdəki hadisələrlə bağlı son 30 noyabr 2024-cü il tarixli paylaşımında İmadəddin Nəsiminin məzarının dağıdıldığını iddia edib.



Səbahət Akkirazın bu iddiası bəzi digər sosial şəbəkə istifadəçiləri tərəfindən də paylaşılıb. Bu paylaşımlarda Nəsiminin məzarının dağıdılmasında əsasən sələfiləri birləşdirən “Heyət Təhrir əl-Şam” qruplaşması ittiham olunub. O qruplaşma ki, 12 gün gün ərzində Suriyada Bəşər Əsəd rejimini devirib.

Lakin Səbahət Akkirazın Nəsiminin məzarı ilə bağlı iddiası öz təsdiqini tapmayıb. Məlum olub ki, Hələbdə baş verən son qarşıdurmalar nəticəsində bəzi mülki tikililərə ziyan dəysə də, bu dağıntılar Nəsiminin məzarından yan keçib, hətta türbənin ətrafı təmizlənərək ziyarətə yararlı hala salınıb.

Modern.az-ın məlumatına görə, bunu türkiyəli jurnalist, "Axşam" qəzetinin əməkdaşı Serkan Fıçıcı özünün sosial media hesabındakı paylaşımında bildirib. O, Nəsiminin türbəsindən çəkilmiş ən yeni fotoları paylaşaraq, məqbərənin dağıdılmadığını vurğulayıb.

Türkiyəli jurnalist Serkan Fıçıcı 4 dekabr 2024-cü il tarixli paylaşımında bildirib:

“Nəsiminin Hələb qalası yaxınlığındakı məzarı... Günlərdir bu şəkillərin arxasıncaydım. Görüldüyü kimi, heç bir ziyan yoxdur. Əksinə, həm türbə, həm də ətrafı tər-təmizdir. Bəlkə də Səbahət Akkirazdan türkülər dinləməyə davam edəcəyik, amma o dadı olmayacaq. Kaş ki, Sabahat Akkiraz bizə “Nəsiminin məzarı dağıdılıb” yalanını söyləməsəydi”.



Türkiyəli jurnalist Serkan Fıçıcının 4 dekabrda çəkib yayımladığı şəkillər.
 
Xatırladaq ki, Suriyada 2012-2016-cı illər arasında davam edən qarşıdurmalar zamanı üsyançılarla rejim qüvvələri arasında gedən döyüşlər Nəsiminin Hələbdəki məqbərəsinə ziyan vurmuş, onun yuxarı hissəsi dağılmışdı.

Nəsiminin Hələbdəki məqbərəsi üç metr hündürlükdə hasarla əhatələnib. Məqbərənin yerləşdiyi küçədə divara üzərində ərəb dilində “Həzrət Nəsimi təkkəsi” yazılmış lövhə vurulub və həmin küçə Nəsiminin adını (Əl-Nəsimi) daşıyır.
Məqbərənin yerləşdiyi ərazidə şairin nəslinin nümayəndələrinin və ideya davamçılarının da məzarları var.

Sonda qeyd edək ki, ruhu qəriblikdə sərgərdan olan İmadəddin Nəsimi ilə bağlı əldə etdiyimiz bu xəbər böyük şairin məqbərəsinin taleyindən nigaran qalan insanlar üçün bir təsəlli sayıla bilər.

Əsl adı Seyid Əli İmadəddin olan Nəsimi 1369-1417-cü illərdə yaşayıb. İmadəddin Nəsimi təkcə Azərbaycan ədəbiyyatında deyil, həm də təsəvvüf aləmində ən nüfuzlu adlardan biri hesab olunur.

Türk, fars və ərəb dillərində əsərlər yaradan Nəsimi xüsusilə türkcədən sənət dili kimi ustalıqla istifadə etməsi ilə tanınır. Şeirlərində insan sevgisinə, ümumbəşəri idraka, Yaradan-insan münasibətinə geniş yer verən şair, əsərlərində təsəvvüfün mistik dərinliyindən də bəhs edir.

Nəsimi Azərbaycan poeziyasında divan janrının atası sayılır. O, Azərbaycan dilində 15 min misradan, fars dilində isə 5 min misradan ibarət divan yaradıb. Şairin bir çox qəzəlləri mədəni irsimizin inciləri sırasına daxildir.

Nəsiminin diqqət çəkən cəhətlərindən biri də hürufilik ideyasının müdafiəçisi olması idi. Hərflərin müqəddəsliyinə əsaslanan bu fəlsəfi və mistik yanaşma onun əsərlərində tez-tez özünü göstərirdi. Bu fikirlər o zaman çox sərt reaksiya ilə qarşılanmışdı. Nəsimi hürufi fikirlərinə görə ittiham olunmuş və Hələbdə dərisi soyularaq edam edilmişdi. 

P.S. Hələbdə təxminən 4 milyon insan yaşayır. Onlar müxtəlif etnik mənşəyə mailkdirlər. Hələbin əhali strukturu əsasən ərəblər və türkmənlərdən ibarətdir, şəhərdə çox az sayda erməni, asuri, yəhudi, kürd və çərkəz də yaşayır. Şəhərin təxmini əhali nisbəti aşağıdakı kimidir;
50%-i ərəb, 40%-i türkmən, 10%-i ermənilər, asurilər, yəhudilər, kürdlər və çərkəzlər...

Əfqan Qafarlı





Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu