Modern.az

Müxafət liderlərinin Qarabağ qazisinin dəfninə getməməyinin səbəbi bəlli oldu

Müxafət liderlərinin Qarabağ qazisinin dəfninə getməməyinin səbəbi bəlli oldu

31 Dekabr 2013, 16:07

“Biz də hadisəni siyasiləşdirmək istəmirik”


Özünü yandıraraq həyatına qəsd edən Qarabağ qazisi Zaur Həsənov dekabrın 29-da torpağa tapşırıldı. Dəfn mərasimində Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri iştirak etsə də, müxalifət liderlərinin hüzr yerinə getməməsi diqqətlərdən yayınmadı və bəzi müzakirələrə səbəb oldu.  

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Modern.az saytına açıqlamasında AXCP-nin dəfn mərasimində iştirak etdiyini deyib:

“Yas mərasimində partiya Ali Məclisinin sədri Həsən Kərimov, sədr müavini Əbülfəz Qurbanlı və Rəyasət Heyətinin üzləri iştirak ediblər. Ona görə də “Xalq Cəbhəsi yas mərasimində iştirak etməyib” demək doğru deyil. Əli Kərimli istisna olmaqla, partiya rəhbərliyi dəfn mərasimində iştirak ediblər. Əli bəy də müəyyən səbəblərdən qatıla bilməyib”.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib ki, həmin gün partiya Məclisinin toplantısı olduğuna görə dəfndə iştirak edə bilməyiblər:

“Öncədən həmin günə (29 dekabr) partiya Məclisinin toplantısı təyin olunmuşdu. Məclisdən sonra bayram tədbiri də planlaşdırmışdıq, Qarabağ qazisinin ölümünə görə tədbiri təxirə saldıq. Məclis saat 16-da bitdi. Ona görə dəfndə iştirak edə bilmədik. Amma cümə axşamı-yanvarın 2-də mərasimə qatılacağıq”.

Milli Şuranın sədri Cəmil Həsənli isə bildirib ki, dəfndə iştirak etməməsinin səbəbi mərhumun ailəsinin müraciəti olub: “Onu hakimiyyət öldürmüşdü, özü də dəfn etdi. Biz, həm Milli Şura, həm də ayrı-ayrı müxalifət partiyaları qazinin özünü yandırması ilə bağlı münasibət açıqladıq. Hakimiyyət bu məsələyə həssas yanaşdığı üçün mərhumun yaxınları ilə əlaqə yarada bildilər. Mərhumun da yaxınları elan etdilər ki, bu məsələ siyasiləşdirilməsin. Halbuki, olayı siyasiləşdirməyə ehtiyac yox idi, hadisə özü siyasi idi. Ölkədə idarəçiliyin ədalətsiz prinsiplər əsasında qurulması insanların özünün-özünə od vurmasına gətirib çıxarıb. Mərhumun yaxınları məsələnin siyasiləşdirilməməsi ilə bağlı çıxış edirlərsə, burada bir az diqqətli olmaq lazımdır. O ki qaldı müxalifət nümayəndələrinə, onlar mərasimdə iştirak ediblər. Bildiyimə görə, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli iştirak edib”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məsələnin siyasiləşdirilməsinin əleyhinə olduğunu deyib:
“Bu məsələni siyasiləşdirmək tamamilə yanlışdır və bu, cəmiyyətə yaxşı bir şey vəd etmir. Qazinin addımını pisləyirəm, düşünürəm ki, vətəndaşlar öz hüquqlarını qorumaq üçün qəsd etməməlidirlər. İntihar Quranda da haram buyurulur. Qəsd etmək ən böyük günahlardan biridir. Hökumət nə qədər təzyiq edirsə etsin, insanın maddi maraqları nə qədər ziyan görürsə görsün, insan Allahın ona əmanət etdiyi cana qəsd etməməlidir. Bizim bu cür hadisələrə yüksək səviyyədə maraq göstərməyimiz cəmiyyətə bir mesaj rolunu oynaya bilər. Kənarda elə görünər ki, bu cür hərəkətlər təqdir olunur. Vətəndaşın özünə qəsd etməsi reklam olunmamalıdır. Biri var, müharibədə və ya hansısa bədbəxt hadisə nəticəsində dünyasını dəyişir, biri də var bu cür özünə qəsd edir, bunlar fərqli şeylərdir. Bu məsələni siyasiləşdirməməliyik. Hamımız bu mərasimdə iştirak etsəydik, bu, prosesin siyasiləşdirilməsi demək olardı. Sual oluna bilər ki, başqa kimsə özünü yandıranda, damdan atanda niyə getmirsiniz? Siyasi motivin nümayiş etdirilməməsi üçün getmədim”.

İlkin

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!