Dekabrın 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Modern.az-ın məlumatına görə, hospitalın bölmə və şöbələrində yaradılmış şəraitlə tanış olan nazir yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkib.
Müdafiə naziri Zakir Həsənov və Silahlı Qüvvələrin rəhbərliyi hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edib.
Sonda müdafiə naziri adından əsgərlərə bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.