31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bəs hansı ölkədə nə qədər azərbaycanlı yaşayır? Modern.az Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatları əsasında dünya ölklərində yaşayan azərbaycanlıların təqribi sayını təqdim edir.
Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.
Tarixi vətəndan mühacirətə getmiş azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar. Onların sayı Amerika Birləşmiş Ştatlarında 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsi ölkələrində Honduras, Qvatemala, Peru və digərlərində də soydaşlarımız məskunlaşıblar.
Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən Turkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qisim soydaşlarımızın bu qitəyə axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərib.
Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Avropa azərbaycanlıların sayı Türkiyədə və Rusiyada, milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüzminlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.
Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir.
Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşıb. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.
Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüzminlərlə, Sudanda 17 min nəfərdir.
Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.
Modern.az