Dünya ölkələri 2014-cü ili – “At ili”ni qarşılayır. Yeni il müxtəlif ölkələrdə eyni həvəs, eyni ruh yüksəkliyi, eyni coşqu ilə qarşılanır. Lakin fərqli ölkələrdə fərqli adət-ənənələrlə. Dekabrın 31-də evlərdə bayram süfrəsi açılır. Hər xalqın da özünəməxsus süfrə mədəniyyəti var. Amma bütün ölkələrdə hər evdə Yolka bəzəmək ümumi ənənəyə çevrilib.
Modern.az saytı müxtəlif ölkələrdə Yeni ilin necə qarşılanmasına qısa ekskurs edir. Bir sıra ölkələrdə Yeni il özünəməxsus ənənə ilə, bir qədər də qəribə qarşılanır: dekabrın 31-dən yanvarın 1-ə keçən gecə bəziləri öz dostuna daş hədiyyə edir, bəziləri su ilə bədənlərini yuyur, bəziləri isə evə buğda atır vəs.
İtaliya
İtaliyada Yeni il axşamı köhnə ev əşyalarının pəncərədən küçəyə atılması ənənəsi hələ də qalmaqdadır. Küçədən keçənlər üçün heç də təhlükəsiz olmayan bu adətə əməl edən italyanlar hesab edir ki, nə qədər çox mebel atsanız, Yeni il öz gəlişi ilə evinizə bir o qədər sərvət gətirə bilər.
Böyüklər köhnə ev əşyalarını küçəyə atmaqda ikən uşaqlar bütün Yeni il gecəsi evin buxarına diqqət kəsilirlər. Məhz buxarıdan evə nağıllardakı sirli-möcüzəli Befan gəlməli və uşaqların ayaqqabılarına çoxdan gözlənilən hədiyyələrini qoymalıdır.
Fransa
Bir çox Fransa əyalətlərində bu günə qədər köhnə bir ənənəyə əməl olunmaqdadır. Yeni ildə ilk olaraq su dalınca bulağa gedən ev sahibəsi orada bayram sürfəsindən qoğal və ya bulka qoyur. Bu bayram payını ertəsi gün o biri sahibə götürür, əvəzində özü gətirdiyini bulaq başında qoyur. Qadınlar axşam olana qədər bir-birilərini bu cür qonaq edirlər.
Almaniya
Almaniyada Yeni il tortu bişirmək, süfrəyə donuz əti qoymaq adətdir. Elə ki, saatlar gecəyarını vurur, müxtəlif yaş təbəqəsinə aid almanlar masa, stul, kresloya minir və son saat zəngi çalınanda birlikdə Yeni ilə atlanırlar.
İngiltərə
İngiltərədə Yeni il axşamı ingilislər ənənəvi ağ pudinq yeyirlər. Lakin onlar bunu çox ehtiyatlı edirlər - çünki pudinqin içərisində çoxlu yemək üçün yararsız şeylər də olur. Odur ki, pudinq lotereya kimidir, kimə yaxşı, kimə pisi düşür.
İngilislər evi iynəyarpaqlı və ağ bağamburc budaqları ilə bəzəyirlər. Adətə görə, milad ərəfəsində kişilərin bu bitkilərdən hazırlanmış, bəzəklərin altında dayanmış istənilən qızı öpməyə hüququ çatır. Bu ölkədəki qədim ənənələrdən biri də milad oyuncağıdır. Deyilənə görə, bu adəti İngiltərəyə vikinqlər gətirib.
Norveç
Yeni il axşamı Norveçdə uşaqlar hədiyyəni keçidən gözləyirlər. Bu ölkədə keçinin müəyyən üstünlükləri var. Rəvayətə görə Norveç kralı II Olaf bir dəfə yaralı keçini qayaların üzərindən düşürərək xilas edir, heyvanı saraya gətirir və sağaldaraq sonra gəldiyi yerə qaytarır. Keçi isə minnətdarlıq əlaməti olaraq hər axşam öz xilaskarına şəfalı otlar gətirirmiş.
Şotlandiya
Şotlandiyada Yeni ilə ərəfəsində çəlləkdə qətran yandırır və çəlləyi bütün küçə boyu diyirləyirlər. Şotlandlar üçün bu, Köhnə ilin yandırılmasıdır. Bundan sonra Yeni ilə yol açıqdır. Bu ölkədə hesab edirlər ki, Yeni ilin gəlişindən sonra evə girən ilk adam xoşbəxtlik və ya bədbəxtlik gətirir. Əgər evə hədiyyə ilə tündsaçlı kişi daxil olarsa, bu xoşbəxtlik əlamətidir.
İrlandiya
Yeni il ərəfəsində İrlandiyada evlərin qapıları taybatay açıq olmalıdır. İstənilən adam istədiyi evə daxil ola bilər, onu ən əziz qonaq kimi qarşılayacaq, bayram sürfəsi ətrafında ən şərəfli yerdə oturdacaq və şirin şəraba qonaq edəcəklər. Və belə bir sağlığa ”Bu evdə və bütün dünyada sülh naminə” badə qaldıracaqlar. O birisi gün bayramın dostlar və tanışlar arasında qeyd olunması adətdir
Rumıniya
Bu ölkədə Yeni il axşamı sürfəyə içərisində kiçik sürprizlər-qəpiklər, farfor fiqurlar, acı bibər qabığı olan bayram qoğalı qoyulur. Qoğalda üzük tapılarsa, bu, o deməkdir ki, Yeni il çoxlu xoşbəxtlik gətirəcək. Acı bibər qabığı isə sürfə arxasına toplaşlanları yalnız güldürəcək.
Bolqarıstan
Elə ki Yeni il təqvimə qədəm qoyur, saatın son zərbəsində Bolqarıstanda bütün evlərdə bir neçə dəqiqəlyə işıqlar söndürülür. Yeni il öpüşmələri başlayır.
Macarıstan
Bu ölkədə Yeni il günü uşaq tütəkləri, fit almaq və hədiyyə etmək dəbdir. Xalq inancına görə, bu musiqi alətlərinin təsirli səsi evdəki cinləri qova, evə sevinc və firəfanlıq gətirə bilər.
Moldova
Moldovada Yeni ildə qonaqlar gözlənilən evlərdə buğda səpmək qəbul olunub. Hesab olunur ki, bununla yeni ildə bol məhsul və firəvanlıq olacaq.
Yunanıstan
Yeni ili qarşılamaq üçün qonaqlığa gedən Yunanıstan sakinləri özləri ilə daş götürür və onu qonaq gözləyən evin kandarına atırlar. Əgər daş ağırdısa, onda deyirlər- “Qoy ev sahibinin sərvəti bu daş kimi ağır olsun”. Yox, əgər daş kiçikdirsə, onda “Qoy ev sahibinin gözünə düşən ləkə bu daş kimi kiçik olsun”deyirlər.
Hindistan
Bu ölkədə Yeni ili müxtəlif cür qarşılayırlar. Ölkənin şimal əhalisi özlərini ağ, qırmızı, cəhrayı və bənövşəyi çiçəklərlə bəzəyirlər. Ölkənin mərkəzində evləri bənövşəyi bayraqlarla bəzəyirlər. Qərbdə evlərin damında od qalayırlar. Bayram ərəfəsində analar böyük qablara uşaqlar üçün aldıqları hədiyyələri, şirniyyatları, gül qoyurlar. Yeni ilin ilk günü səhər uşaqları gözü bağlı nimçəyə yaxınlaşdırırlar ki, onlar özlərinə hədiyyə seçsinlər.
Birma
Birmada Yeni ildə yoldan keçənlər bir-birini su ilə isladaraq uşaqlar kimi sevinirlər. Yeni il gecəsi bu ölkədə çox isti olur.
İndoneziya
Bali adasında Yeni il 10 gün qeyd olunur. Allahların şərəfinə burada rənglənmiş düyüdən “yeməli” sütun düzəldirlər. Düzdür, bu yeməli sütundan Allahlara bir şey qalmır. Bayramdan sonra sütünlar sökülür, düyünü isə evə aparırlar.
Vyetnam
Bu ölkədə də Yeni ili düyü yeməyi ilə qarşlayırlar. Yeni il axşamı canlı balığı çaya və ya gölməçəyə buraxırlar. İnanca görə, balığın belində Allah üzür, o Yeni il günü səmalara çəkilir və orada Yer üzündə insanların necə yaşamasından danışır. Bu gecə küslülər barışır.
Yaponiya
Yaponiyada Yeni il bayramı bir neçə gün davam edir. Yeni il ərəfəsi "qızıl həftə" adlanır. Bu vaxt bir çox müəssisələr, firmalar, böyük univermaqlar işləmirlər. Yeni ilin başlanması anında yaponlar gülməyə başlayırlar. İnanca görə gülüş Yeni ildə onlara uğur gətirəcək. Yeni ilin birinci gecəsi məbədə gedirlər. Burada məbəd zənginə 108 dəfə zərbə vururlar. İnanırlar ki, hər zərbəyə bütün pisliklər məhv olur. Evlərdə gözəgəlimli yerlərdə düyü kökələri, xoşbəxtlik, sağlamlıq və uzun ömrün simvolu olan narıncı, evlərin yanına isə səadət rəmzi olan bambuq və şam ağacı qoyurlar. Yeni ildə hər bir yaponun evində üç ağacın budağını görmək mümkündür: bambuq, gavalı və şam. Bu ağacların da hər birinin öz mənası var. Yeni il axşamında yaponlar ancaq yaxşı sözlər işlədirlər. Yaponiyada Yeni il gecəyarısı yox, səhər günəş çıxanda qarşılanır.
Monqolustan
Monqolustanda Yeni ilə heyvandarlıq bayramı il bir vaxta təsadüf edir. Buna görə də bu ölkədə Şaxta baba çobandır. Həmin gün monqollar müxtəlif idman yarışları keçirir, xüsusən də cəldlik və mətinlik üzrə konkursları sevirlər. Bu gün həm də at yarışı keçirilir.
Kuba
Kubada Yeni il gecəsi saat yalnız 11 dəfə vurur. 12-ci zərbə Yeni ilə düşür, bir saat istirahətə verilir və hamı birlikdə bayramı sakitcə qeyd edir. Gecə yarı kubalılar pəncərədən küçəyə su atırlar, Yeni ilin su kimi daha da aydın və təmiz olmasını arzu edirlər.
Haiti
Bu ölkədə Yeni il yeni həyatın başlanğıcını simvolizə edir. Buna görə də onlar bu həyatı yaxşılaşdırmağa çalışırlar. Onlar küsüşdükləri şəxslərlə barışır, mebellərini təmir edir, yenisini alır, dəyiş-düyüş edirlər.
Kolumbiya
Kolumbiya küçələrində Yeni ilə bir gün qalmış küçələrdə əllərində əldəqayırma iri oyuncaqları olan çoxsaylı insanlara rast gəlmək mümkündür. Bu oyuncaqlar köhnə ili simvolizə edir. İnsanlar oyuncağa ötən ildə onlara bəxş olunmuş yaxşı şeylərə görə minnətdarlıq edirlər və köhnə illə vidalaşırlar.
Argentina
Əgər İtaliyada köhnə ev əşyalarını küçəyə atırlarsa, Argentinada Yeni il gecəsi o qədər də təhlükəli deyil, lakin gözləniliməz “yağış”altına düşmək mümkündür. Yerli ofis işçiləri bu yolla özlərinin köhnə təqvimlərindən, kağız-kuğuzlarından, müxtəlif lazımsız maklaturadan qurtulurlar.
Braziliya
Braziliyada Yeni ilin gəlişini çox gözəl qarşılayırlar. Çimərliklərə minlərlə şam gətirir, onları yandırır və qum üzərində qoyurlar. Braziliyalı qadınlar uzunətəkli geyimlərdə əllərində gül dəstələri okeana girir və gül ləpələrini suya atırlar.
Avstraliya
Uzaq Avstraliyada Yeni il günü çox isti havadır, ona görə də Şaxta baba qonaqlığa xəz paltoda deyil, “plavkidə” gəlir. Düzdür, hələlik Şaxta baba saqqaldan və uzundimdik şapkadan üzülüşə bilməyib. Buna baxmayaraq, maral dərili xizəyi nağılbaz baba serfinq taxtasına dəyişib.
Meksika
Meksikada isə saatın on ikini vurması ilə həmahəng fişənglər atılır, karnaval yürüşləri başlanır. Burada meyvə, su və digər hədiyyələrlə doldurulmuş gil qabların sındırılması adəti mövcuddur.
Finlandiya
Finlandiyada Yeni il hədiyyələrini stola düzür və üstünü kasa ilə örtürlər. Subay qızlar ayaqqabılarını çiyinlərinin üzərindən qapıya tərəf atırlar. Ayaqqabı üzü qapıya tərəf düşsə, bu o deməkdir ki, Yeni ildə toy gözlənilir.
Çexiya və Slovakiya
Çexiya və Slovakiyada hamı bir-birinə hədiyyə verir. Xoşa gəlməyən hədiyyəni bayramın ilk günlərində mağazaya qaytarmaq, ya da dəyişdirmək olar. İsveçdə Yeni il ərəfəsində qonşunun qapısında qabları sındırmaq adəti var.
Ekvador
Ekvadorda Yeni il ərəfəsində köhnə paltarlardan hazırlanmış müqəvvanı küləşə bürüyürlər. Bu ötən ilin simvoludur. Onu evin qarşısında oturdurlar. Gecənin yarısı köhnə ilin vəsiyyətləri sadalanır və burada ailənin bütün qayğıları səsləndirilir. Sonra kağız müqəvvaya od vuraraq yandırırlar. Beləliklə, ailənin ötənilki uğursuzluqları da külə dönür.
Rusiya
Rusiyada isə hər evdə kilsə şamları yandırılır. Süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanclara görə süfrə nə qədər zəngin və gözəl olarsa, gələn il də elə gözlənilər. Qədim adətlərə riayət edən rusların süfrəsinin tən ortasında mütləq qızardılmış donuz balası qoyulmalıdır. İnanca görə donuz var-dövlət simvoludur. Süfrəyə quş ətindən heç nə verilməz. Belə hesab edilir ki, xoşbəxtlik evdən uça bilər. Gələn qonaqlara xəmirdən hazırlanmış müxtəlif fiqurlu şirniyyatlar paylanılır. Yeni il axşamı mütləq təzə paltar və ayaqqabı geyinilməlidir. Yaxın adamlar bir-birini təbrik edir, qonaq gedir, səhərədək yemək-içmək bitmək bilmir.
Vyetnam
Vyetnamda Yeni ili düyü yeməyi ilə qarşılayırlar. Yeni il axşamı hər kəs akvariumda saxladığı balığı çaya və ya gölməçəyə buraxır. Vyetnamlılara görə, balığın belində Allah üzür. Ulu Tanrı Yeni il günü səmalara çəkilir və oradan Yer üzündə insanların necə yaşamasından asılı olaraq hər bir ailəyə sovqat göndərir.
A.Qorxmaz