Azərbaycanlıların 46 faizi 2014-cü ilin daha yaxşı olacağına inanır, WIN/Gallup tərəfindən həyata keçirilən sorğunun nəticələri bunu göstərir.
“BBC Azərbaycanca”nın məlumatına görə, sorğuda iştirak edənlərin 23 faizi gələn ilin daha pis, 15 faizi eyni olacağına indandığını bildirib. 16 faizi isə "bilmirəm və ya cavab vermək istəmirəm" cavabını verib.
Bütün dünyada verilən cavablarla azərbaycanlıların verdiyi cavabların arasında fərq böyük olmayıb: sorğuda iştirak edən 68000-ə yaxın adamdan 48 faiz "daha yaxşı", 20 faiz "daha pis", 28 faiz "eyni", 5 faiz isə "bilmirəm" deyib.
1977-ci ildən bəri həyata keçirilən sorğu göstərir ki, adamlar getdikcə nikbindirlər.
Azərbaycanlıların əksəriyyəti düşünür ki, 2014-cü il - iqtisadi inkişaf ili olacaq. 38 faiz bu cavabı verib. 23 faiz iqtisadi çətinliklərin, 17 faiz isə vəziyyətin eyni olacağına inanır.
Eyni zamanda sorğuda iştirak edən azərbaycanlıların 59 faizi həyatından məmnun olduğunu bildirib. 18 faiz həyatının bəxtsiz olduğunu düşünür, 19 faiz isə nə məmnun, nə də bəxtsiz olduğunu düşünür.
"Dünyada sərhədlər olmasaydı harda yaşamaq istərdiniz?" sualına cavablar isə belə olub: 47 faiz köçmək istəmədiyini bildirib, 10 faiz Fransada, 8 faiz isə Almaniyada yaşamaq istədiyini deyib.
Azərbaycanlıların 41 faizi düşünür ki, siyasətçilərin əksəriyyəti qadın olsaydı, dünya daha pis vəziyyətdə olardı. 34 faiz dünyanın daha yaxşı yer olacağına, 13 faiz isə eyni vəziyyətdə olacağına inanır.
Dünyada sülhə ən böyük təhlükə olan ölkə isə, azərbaycanlıların təbirincə, ABŞ-dır. Sorğuda iştirak edənlərin 42 faizi bunu deyib. 13 faiz Rusiya, 8 faiz Ermənistan, 8 faiz Suriya, 7 faiz isə İsrail cavabını verib.
Modern.az