Nazarbayevlər qazax mahnılarının mahir ifaçılarıdır
Modern.az saytı “Birinci ledilər” rubrukasında xarici ölkələrin dövlət başçıarının xanımları barədə məlumatların təqdimatını davam etdirir.
Rubrukanın budəfəki təqdimatı Qazaxıstanın birinci ledisi barədədir.
Nursultan Nazarbayevin həyat yoldaşı Sara Nazarbayeva 1941-ci il fevralın 12-də Karaqanda vilayətinin Qızılcar kəndində anadan olub. O, uşaqlıqda həmyaşıdlarından heç nə ilə fərqlənməyib, adi sovet məktəbində təhsil alıb, orta məktəbi bitirəndən sonra Karaqanda metallurgiya kombinatında işləməyə başlayıb, burada da gələcək əri ilə tanış olub.
Onların görüşü o qədər də romantik olmayıb: Sara kombinatı elektriklə təmin edən stansiyada, Nursultan isə domna peçində işləyib. Həmin vaxt müəssisədə qəza baş verir və bütün fəhlələr qəzanı aradan qaldırmağa cəlb olunurlar. Saraya sexdə nə baş verdiyi maraqlı gəlir və o fəhlələrin necə işlədiyinə baxmağa gedir. Bu zaman Nursultanla rastlaşır. Tezliklə gənclər evlənmək qərarına gəlirlər və 1962-ci ildə komsomol toyu edirlər.
Göründüyü kimi, onların tanışlığı romantik şəraitdə olmayıb. Bu hadisə haqda Nursultan Nazarbayev özünün “Sağlarsız və sollarsız” kitabında belə yazıb:
“O illərin ən yaddaqalan hadisəsi - gələcək həyat yoldaşımla ilk görüş mənim həyatıma əbədi yazılıb. Bu görüş domna peçinin yanında, qəzadan sonra olub. Qəza baş verəndə metal qırıqları yerə səpələnir, növbədə olanlar həmin metal qırıntılarını toplamadan gedə bilməzdilər. Belə sərt qanun vardı: istər bir günə, istər bir sutkaya olsun, özünüz öz səhvinizi həll etməliydiniz. Bax, belə xoşagəlməz anda, demək olar bir sutka ayaq üstə qalmışdıq. Hamının sifəti hisdən qaralmışdı, həmin gecə elektrik yarımstansiyasında növbədə bir qızla rastlaşdım. O, nə baş verdiyini öz gözləri ilə görmək üçün seximizə gəlmişdi. Tezliklə zərbəçi və fəallar yığışıb bizim üçün komsomol toyu elədilər. Bizə gənc ailə kimi mənzil də vermişdilər. Amma həmin ünvana gələndə gördük ki, beşmərtəbəli binadakı mənzildə yaşamaq mümkün deyil. Əlacsız qaldığımızdan iki otaqlı darısqal mənzili olan dostumun yanına getməli olduq. O, orada arvadı, iki uşağı və nənəsi ilə yaşayırdı. İlk evlilik gecəsi nənə ilə birtəhər otaqlardan birinə yerləşdik. Məgər bunu unutmaq olarmı, lənət şeytana!..”.
Sara ərə gedəndən sonra da kombinatdan ayrılmayıb, uzun müddət orada işləyib. Cütlüyün 1963-cü ildə qızları Dariqa anadan olub, 1967-ci ildə isə Sara Nazarbayeva ərinə ikinci qızı Dinaranı hədiyyə edib. Ailə həyatı Saranın çox xoşuna gəlib, o özünü ərinə və qızlarına qulluq etməklə xoşbəxt hiss edib. Hər bir qadına özünü həm ana, həm də həyat yoldaşı kimin reallaşdırmaq nəsib olmur. Amma Nazarbayevin arvadında bu alınıb. 1980-cı ildə artıq böyük qızlarının 17 yaşının tamam olmasına baxmayaraq, ərlə-arvad daha bir uşaq dünyaya gətirmək qərarına gəlirlər. Sonuncu qızları Aliyə 1980-ci il təvəllüdlüdür
Bu gün Sara Nazarbayevanın təkcə nəvələri yox, həm də nəticələri var. O, çox əla nənədir, nəvələrinə ən yaxşı şeyləri verməyə səy göstərir.
...90-cı illərin əvvəlləri. Sara Nazarbayeva Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinin arvadı olur və tezliklə suveren Qazaxıstan Respublikasının birinci ledisinə çevrilir. Və tam təsadüfən Sara Alpısovna üçün hər şey dəyişir. Bu qeyri-rəsmi, amma məsuliyyətli postda özünə hansısa fəaliyyət sahəsini seçmək lazım gəlirdi. Qazaxıstan liderinin həyat yoldaşı dünya təcrübəsinə və özünün həyat prinsiplərinə əsaslanaraq buna cavab axtarırdı. O, gənc yaşlarından əmin idi ki, insanlara kömək əsas həyat prinsiplərindən biridir. Bu səbəbdən xeyriyyəçiliyə başlayır. Sara Nazarbayeva 1992-ci ildə “Bobek” (“Malış”) uşaq xeyriyyə fondu yaradır və ona rəhbərlik etməyə başlayır. Fondun əsas məqsədi talesiz uşaqlarən sosial və tibbi müdafiəsinin təşkilidir. Bundan əlavə, birinci ledi Qazaxıstanın Semipalatinsk poliqonunda və Aral dənizi ətrafındakı ekoloji fəlakət zonalarında yaşayan insanlara da yardım göstərir.
“Bobek”in fəaliyyətinin ilk dövrlərində çəkilən sənədli filmin sonunda o qədər də böyük olmayan kabinetdə Sara Nazarbayevnanın ağladığı səhnə də var. O, heç kimdən çəkinməyərək deyir: “Bu uşaqlara nə ilə və necə yardım etmək olar”.
O vaxtdan illər keçib. Fond beynəlxalq aləmdə də tanınıb. Onun ölkənin hər vilayətində şöbələri fəaliyyət göstərir. Müxtəlif taleli uşaqlar sözün həqiqi mənasında diqqət, qayğı və sevgi hiss edir. Hətta deyilənlərə görə, Sara Nazarbayeva bu fond vasitəsilə öz körpələrinin böyüməsinə vəsait tapmayan gənc analara da ciddi dəstək verir. Sara Nazarbayevanın təşəbbüsü ilə dövlət uşaq evi nəzdində ümid evləri də açılıb. Burada valideynlərə yeni doğulan körpələrindən imtina etməmək şərtilə 7 yaşlarına qədər dövlətin himayəsinə vermək şansı tanınıb. Bu yerlərdə yaşayan uşaqlara valideynlərin hər gün baş çəkmək imkanı var, hətta analar gecələri öz körpələri ilə bir yerdə də qala bilirlər. Bir sözlə, bütün səylər göstərilir ki, uşağın ailəsi qorunsun.
Anası öləndən sonra 5 yaşlı Sara ən yaxın və dəyərli insanın yoxluğu səbəbindən sevgisiz, himayəsiz yaşamağı sınaqdan keçirib. Və o vaxtdan balaca Sara arzulayıb ki, bütün uşaqlar xoşbəxt olsunlar, anaları, ataları, bacıları ilə birgə ailədə yaşasınlar,. Bu arzusunu reallaşdırmaq üçün “Bebek” xeyriyyə uşaq fondu açıb. Artıq 20 ildən çoxdur kimsəsiz uşaqların maraqlarını müdafiə edir və daima təhsil və sosial müəssisələrə maddi cəhətdən dəstək göstərir.
On minlərlə uşaq, onların valideynləri, himayədarları daima Sara Alpısovnaya canı dildən minnətdarlıq məktub yollayırlar. Fond hər ay yetim tələbələrin təqaüdünə əlavələr edir. Birinci ledi ailə tipli uşaq kəndlərinin və gənclik evləri haqda qanun qəbul olunmasına da nail olub. Ailə tipli kəndlərdə yaşayan uşaqların öz ailələri, anaları, xalaları, qardaş, bacıları var. Orada yaşlılar balacalara qayğı göstərir, hərənin öz guşəsi, sevimli oyuncaqları var, hamını ümumi ailə ənənələri birləşdirir, bir-birinə kömək etməyə cəhd göstərirlər.
Ocaq qoruyucusu
“Həmişə hesab edirdim ki, mən həyatda yaxşı adam olmalıyam, və başlıca vəzifəm qadın kimi ailə ocağını qorumaqdır. Heç vaxt ağlıma gətirməzdi ki, bir müddət keçəndən sonra alın yazısı ciddi dəyişəcək və mən ictimai həyata daxil olacağam”.
Sara Nazarbayeva bunu 2001-ci ildə çap olunan “Həyatın etikası” kitabında yazıb.
Sara Alpısovna ilə Nursultan Abişeviçi bir-birinə bağlayan həm də incəsənətə yaxınlıqlarıdır. Hər ikisi musiqini, hətta mahnıları zümzümə etməyi sevirlər. Bəlkə də inanmayacaqsınız, bu cütlük inanılmaz dərəcədə qazax mahnılarını duet olaraq da ifa edirlər. Prezident hətta bir çox alətlərdə - qarmon, bayan, dombrada ifa etməyi bacarır.
Nazarbayev boşanıbmı?
Prezidentin keçmiş kürəkəni Rahat Əliyev iddia edirdi ki, Nursultan Nazarbayev çoxdan boşanıb və 2000-ci ildən yeni qadınla yaşayır. Onun fikrincə, bu fakt ciddi şəkildə gizlədilib, prezidentin Sara Alpısovna ilə nikahı tamamilə gizli şəkildə pozulub. Rahat Əliyev hətta iddia edirdi ki, üç uşaq anası olan Sara Nazarbayeva hətta ev dustağıdır, onun bütün hərəkətlərini isə prezidentin mühafizə xidmətinin əməkdaşları nəzarətdə saxlayırlar. Sara Nazarbayevanın kütləvi tədbirlərə yalnız protokol qaydalarına uyğun olaraq qatıldığı da söylənilirdi. Amma axırıncı prezident seçkilərində hazırkı prezidentin şəxsi işində həyat yoldaşı kimi Sara Nazarbayevanın adı yazılırdı. Amma Əliyev hesab edirdi ki, prezident saxtakarlıq edib və məhz bu səbəbdən Qazaxıstanın seçki qanunvericiliyinə görə prezidentliyə namizəd kimi Nazarbayev seçki prosesindən uzaqlaşdırılmalı idi. Bütün bunlara baxmayaraq, Nursultan Nazarbayev indi də prezidentdir, hətta onun həyat yoldaşı Sara Nazarbayevanı boşadığı barədə məlumatlar rəsmən təsdiqini tapmayıb.
Xanım Nazarbayeva mənəvi dəyərlərin oyanması üzrə “Özünüdərk” təhsil proyektinin də müəllifidir. Bu proyektin əsas məqsədi insani hissləri oyatmaq, uşaqları özləri və ətraf mühitlə əmin amanlıqda, sülhdə yaşamağı öyrətməkdir .
Bir sıra kitabların müəllifi olan Sara Nazarbayeva ictimai və xeyriyyəçilik faəliyyətinə görə müxtəlif orden və medallarla təltif edilib. Xanım Nazarbayeva uşaqlarla bağlı xeyriyyə işlərinə görə “İhsan Doğramaçı adına Ailə Sağlamlıq Fondu”nun mükafatına da layiq görülüb.
Modern.az