Modern.az

Şirin Mirzəyev - Qəhrəmanlıq səlnaməsinin qızıl səhifəsi

Şirin Mirzəyev - Qəhrəmanlıq səlnaməsinin qızıl səhifəsi

4 Yanvar 2014, 20:44

“Hər bir şəhid millətin mənəvi ucalığıdır”
Heydər ƏLİYEV

Torpaq tez ləkə götürür. Xəyanətkar düşmənin ayaq izlərinin ləkəsi torpağa tez hopur. Bu ləkəni yalnız qanla yumaq olar. İgid qanı ilə, mərd qanı ilə. Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev də torpaqlarımızı düşmən tapdağından təmizləmək üçün öz qanını halal etdi.

1947- ci ilin yanvarın 5-də Xankəndində anadan olmuş, həmin şəhərdə Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbi bitirdikdən sonra Leninqrad (Sankt-Peterburq) Ali Siyasi-Hərbi Məktəbində və Moskva Ali Siyasi Akadmeyiasında təhsil almış Şirin Mirzəyev Qarabağ savaşı başlanan gündən cəbhələrə atılmışdı. Düşmənlə üz-üzə gələndə onu ölümdən çox Vətənin qeyrəti düşündürürdü. Bu düşüncə, bu amal idi Şirin Mirzəyevi şəhidlik zirvəsinə aparan.

Müstəqil Azərbaycanın ordu quruculuğu prosesində fəal iştirak edən, ona öz dəyərli töhfələrini verən, peşəkar hərbçi, polkovnik-leytenant Şirin Mirzəyev Ağdam bölgəsində ilk tabor yaradan zabitlərdən biri idi. Alay komandiri Şirin Mirzəyevin rəhbərlik etdiyi hərbi əməliyyatlar nəticəsində onlarla yaşayış məntəqəsi - Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sirxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri düçmən tapdağından azad edilmişdi.

Heç bir qüvvə Şirin Mirzəyevi səngərlərdən geri döndərə bilmirdi. İçində tüğyan edən Vətən sevgisi, qəlbini parçalayan Vətən harayı onu qisasa çağırırdı, yeni döyüşlərə aparırdı. Onun keşməkeşli, qəhrəmanlıqla zəngin həyat yolları böyük bir məktəbdir. Hələ bundan sonra da neçə-neçə illər bu qəhrəmanlıq məktəbi öyrəniləcək, gənclərimizə örnək olacaq.

Xalqımız öz qəhrəmanlarını unutmur və unutmayacaq. Çünki tariximizin qəhrəmanlıq səlnaməsi yazılır və yazılacaqdır. Bu səlnamənin qızıl səhifəsində isə Şirin Mirzəyevin özünə məxsus yeri var.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin doğum günüdür. Elə bu gün də onun ruhu Qarabağda, oxuduğu məktəbdə, böyüdüyü məhlədə, gəzib dolaşdığı Xankəndinin küçələrində, ermənilərə layiqli cavab verdiyi səngərlərdə dolaşır. Bir az narahat, bir az nigaran...

Ulu Tanrıdan Şirin Mirzəyevə və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizə rəhmət diləyi ilə

İlham Cəmiloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu