Mixail Kavelaşvili Gürcüstanın yeni prezidenti seçilib.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Hakim “Gürcü Arzusu” partiyasının namizədi olan Kavelaşvili 300 seçicidən 224 səs toplayıb. Ümumilikdə səsvermədə 225 Kollegiya üzvü iştirak edib, 1 bülleten etibarsız sayılıb.
M.Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.
***
Gürcüstan parlamentində Seçicilər Kollegiyasının üzvləri ölkə prezidenti postuna seçkilər üçün səsvermə prosedurunu başa çatdırıblar.
Modern.az xəbər verir ki, hazırda Mərkəzi Seçki Komissiyası səslərin hesablanmasını həyata keçirir.
Səsvermə proseduru Tbilisi vaxtı ilə saat 9:00-da başlayıb və 14:00-da başa çatıb.
Konstitusiyaya görə, Gürcüstan prezidenti ilk dəfə parlamentdə açıq səsvermə yolu ilə müzakirəsiz 300 nəfərlik kollegiya tərəfindən seçilir.
Səslərin hesablanması başa çatandan sonra Gürcüstan Mərkəzi Seçki Komissiyası seçicilərin sayını və Gürcüstan prezidenti postuna yeganə namizədə verilən səslərin sayı da daxil olmaqla, seçkilərin nəticələrini elan edəcək.
Gürcüstan prezidentliyinə yeganə namizəd keçmiş futbolçu Mixail Kavelaşvilidir. Onun namizədliyi hakim “Gürcü arzusu” partiyası irəli sürüb.
Seçkilər etirazlar fonunda keçirilir. Səhər saatlarında etirazçılar şəhərin mərkəzi prospektini və həmçinin parlamentə bitişik küçələri bağlayıblar. Parlament binası qorunma üçün polis tərəfindən mühasirəyə alınıb.