Modern.az

Milli Ordunun Horadiz əməliyyatının 20 illiyi qeyd olunub - FOTOLAR

Milli Ordunun Horadiz əməliyyatının 20 illiyi qeyd olunub - FOTOLAR

6 Yanvar 2014, 13:10

Azərbaycan Ordusunun 1994-cü ildə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 22 yaşayış məntəqəsinin ermənilərdən azad etməsindən 20 il ötür. Bu münasibətlə Horadiz şəhərində rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Modern.az-ın məlumatına görə, əvvəlcə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları mərhum dövlət başçısı Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbiri Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açıb, Horadiz əməliyyatının əhəmiyyətindən danışıb.

Bildirib ki, 1993-cü ilin oktyabr ayında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində düşməndən azad edilib. Alı Alıyev qeyd edib ki, Horadiz əməliyyatı 1993-cü il dekabrından başlayıb  6 yanvar  tarixinə kimi davam edib. Həmin vaxt  Sarkisyanın əmri ilə dekabrda ermənilərin  Beyləqana hücumunun qarşısı alınıb və Milli Ordumuz əks-hücuma keçərək, qısa müddətdə Füzuli rayonunun böyük hissəni azad edb.

“Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı zamanı Horadiz qəsəbəsi və rayonun 20 Arazboyu kəndi, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib,  21 min hektar ərazi düşmən tapdağından xilas olunub. Bu döyüşlərdə ermənilərin itkiləri 2 dəfə Azərbaycan tərəfindən çox olub. Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd "Şturm-S", 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat qənimət kimi götürüb. Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib”.

Alı Alıyev bildirib ki, Horadiz şəhəri və digər Arazboyu yaşayış məntəqələri işğaldan azad olunduqdan sonra dağıdılmış kəndlər, sosial obyektlər bərpa olunub, füzulililər doğma yurdlarına qayıdıblar. Hazırda rayonun işğaldan azad olunmuş hissəsində 70 minə yaxın insan yaşayır.

“Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Füzulidə yeni qəsəbələrin salınıb, Horadizə şəhər statusunun verilib, müasir sosial-infrastruktur layihələrinin reallaşdırılması rayona yeni həyat bəxş edib. Son 10 ildə Prezident İlham Əliyev Füzuliyə 4 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 4 sərəncam imzalayıb”.

Digər çıxış edənlər Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu vurğulayıblar.

Bildirilib ki, Horadiz əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən biridir. Məhz bu əməliyyat Azərbaycan Ordusunun nəyə qadir olduğunu açıq şəkildə göstərib.





Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu