Modern.az

İstiqlalçı deputat Prezidentə müraciət etdi

İstiqlalçı deputat Prezidentə müraciət etdi

6 Yanvar 2014, 18:41

İstiqlalçı deputat Məryəm Həsənova deputat pensiyası almaqdan qanunsuz olaraq məhrum edildiyinə görə dövlət başçısına məktub göndərib.
İstiqlalçı Deputatlar Məclisinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Məryəm Həsənova Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevi də  məhkəməyə verib.

1991-1995-ci illərdə fəaliyyət göstərən Milli Məclisin üzvü olmuş yeganə qadın istiqlalçı deputat Məryəm Həsənova qanunla sabiq deputatlar üçün müəyyən olunmuş pensiya hüququ pozulduğuna görə məhkəməyə müraciət edib. O, yaşayış yerinə müvafiq olaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə cavabdehlər Dövlət Sosial Müdafiə Fonduna və üçüncü şəxs qismində Milli Məclisin Aparatına (S.Mirzəyevə) qarşı iddia qaldırıb. Lakin bir ilə yaxın müddət keçməsinə baxmayaraq məhkəmə işin icraatını başa çatdırmayıb. İstiqlalçı deputatın aidiyyəti üzrə dövlət orqanlaına, o cümlədən Ədliyyə Nazirliyinə dəfələrlə etdiyi müraciətlər də cavabsız qalıb. Odur ki, M.Həsənova haqq etdiyi deputat pensiyası almaqdan qəsdən, qanunsuz olaraq məhrum edildiyinə görə dövlət başçısı İ.Əliyevə məktub göndərib.

Məktubda deyilir: “Xatırladıram ki, mən hələ 1991-ci il martın 7-də Ali Sovetdə SSPİ-nin saxlanması ilə bağlı referendum keçirilməsi əleyhinə, Azərbaycanın müstəqilliyinə səs vermiş 43 istiqlalçı deputatdan biri, 1991- 1995-ci illərdə cəmi 51 nəfərdən ibarət olan Milli Məclisdə qanunverici deputat statusunda qulluq edən və oradan əmək haqqı alan yeganə qadın olmuşam. Buna baxmayaraq Dövlət Sosial Müdafiə Fondu qanunvericiliyə deyil, Milli Məclisin Aparatının rəhbəri S.Mirzəyevin səlahiyyətlərini aşaraq qanuna verdiyi antikonstitusion şərhinə istinad edərək mənə sabiq deputatlar üçün müəyyən olunmuş pensiya verməkdən imtina edir. S.Mirzəyev və DSMF öz ədalətsiz hərəkətinə bəraət qazandırmaq üçün heç bir hüquq normasına, məntiqə sığmayan qondarma və absurd iddialar irəli sürürlər”.
Sonra izah edilir ki, “Əmək pensiyaları haqqında” qanunda Milli Məclisin sabiq deputatları arasında hər hansı ayrı-seçkilik, fərq qoyulmur. Ona görə də hələ 2007-ci il martın 7-də Milli Məclisin 21 nəfər nüfüzlu deputatı, o cümlədən V.Əhmədov, Ə.Məsimli, İ.İsmayılov, Q.Paşayeva, S.Rüstəmxanlı, Q.Həsənquliyev, A.Mollazdə, A.Quliyev və başqaları ilk Milli Məclisin üzvlərinin pensiya hüququnun pozulması ilə bağlı Prezident İ.Əliyevə məktubla müraciət edib.

Məktubda göstərilir ki, vaxtilə Azərbaycanın dövlət müstəqillinə qarşı çıxış edənlər indi yüksək imtiyazlı pensiya ilə təmin olunub, bəziləri hətta yüksək dövlət məmuru və deputat kürsülərində oturublar. SSRİ dövründə Azərbaycan xalqına qarşı amansız repressiyalarda iştirak etmiş Kommunist Partiyası və Sovet dövlət orqanlarının funksionerlərinə, Sovet prokurorluq, milis, “KQB” (DTK) işçilərinə, sovet hərbiçilərinə və s. dövlət qulluqçuları statusunda yüksək və güzəştli pensiya verilir, lakin

Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində və möhkəmlənməsində, 1991-1995-ci illərdə müstəqil dövlətin qanunvericilik bazasının hazırlanıb qəbul edilməsində dəyərli xidmətləri olan ilk Milli Məclisin deputatlarına qarşı diskriminasiya tətbiq edilib və onların deputat pensiyası almaq hüququna “həbs” qoyulub. Göstərilir ki, Milli Məclisin Aparatının rəhbəri Səfa Mirzəyev və onun qardaşı, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyev vəzifə mövqelərindən istifadə edərək məhkəmə icraatına qanunsuz təsir və müdaxilə edirlər və onun Milli Məclisin sabiq deputatı olaraq məhkəmə yolu ilə pensiya hüququnun təmin edilməsinə imkan vermirlər.

Daha sonra son dərəcə acınacaqlı fakt olaraq vürğulanır ki, ilk Milli Məclisin üzvlərindən hazırda 20 nəfəri pensiya yaşına çatıb ki, həmin deputatlardan da 8 nəfəri, o cümlədən Ədalət Rəhimli, Mürşüd Məmmədli, Xanlar Məmmədov, Telman Əliyev uzun illər ərzində işsiz qalmaqla yanaşı, halal deputat pensiyalarını almaqdan məhrum edilib, agır maddi sıxıntı və mənəvi-ruhi sarsıntı keçirib, vaxtsız vəfat ediblər.

Məktubun sonunda istiqlalçı deputat qəsdən halal deputat pensiyası almaqdan məhrum edilərək, agır maddi sıxıntı və mənəvi-ruhi sarsıntılara məruz qoyulduğunu, bunların nəticəsində hazırda səhhətinin kəskin şəkildə pisləşdiyini bildirib.
”Buna görə də bəyan edirəm ki, mənim şikayətimə ədalətli baxılmaması səbəbindən həyatım üçün ciddi təhlükə yaranarsa və ya bədbəxt hadisə baş verərsə, bunun məsuliyyəti günahkar Mirzəyev qardaşlarının, savabdehlərin, hakimlərin və onları himayə edən və ya bu diskriminasiya hadisəsinə biganəlik göstərən dövlət orqanlarının rəhbərlərinin üzərinə qoyulmalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu