Modern.az

Milli Şuranın sədr aparatının iclası keçirilib: “Bizdə gizli siyahı yoxdur”

Milli Şuranın sədr aparatının iclası keçirilib: “Bizdə gizli siyahı yoxdur”

7 Yanvar 2014, 09:27

Milli Şuranın sədr aparatının iclası keçirilib. Cəmil Həsənlinin sədrliyi ilə keçirilən dünənki toplanıtda Milli Şuranın 2014- cü il üçün qəbul olunmuş Fəaliyyət istiqamətində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Milli Şuranın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda 9 oktyabr 2013- cü il prezident seçkilərinə dair ATƏT- in Yekun Rəyi ilə bağlı ictimai müzakirələrin keçirilməsi barədə iş bölgüsü aparılıb. Toplantıda həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi ilə bağlı yanvar ayının ikinci yarısında geniş toplantının keçirilməsinə hazırlıq məsələləri də müzakirə mövzusu olub və müvafiq qərarlar qəbul olunub.

Toplantıda həmçinin siyasi məhbusların müdafiəsi, eləcə də "Qeyri Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna edilən mürtəce dəyişikliklərin aradan qaldırılması istiqamətində vətəndaş cəmiyyəti institutlarına dəstək verilməsi ilə bağlı müzakirələr aparılıb.

Milli Şura bəyan edib ki, son günlər bəzi mətbuat orqanlarında Milli Şuranın idarəetəmə qurumunun formalaşması və qurumun tərkibi ilə bağlı gizli siyahının mövcudluğuna dair məlumatlar dərc olunur. Bununla əlaqədar olaraq Milli Şuranın mətbuat xidməti bildirib:

 “Sessiyalar arası dövrdə Milli Şuranın işlərini koordinasiya edəcək qurumun tərkibi ilə bağlı hər hansı gizli siyahı yoxdur. Bu istiqamətdə bəzi KİV- lərdə gedən məlumatlar reallığı əks etdirmir. Hələ Milli Şura yeni formalaşan mərhələdə Rüstəm İbrahimbəyovun iştirakı ilə keçirilən Tiflis görüşündə razılıq əldə olunmuşdu ki, fəaliyyəti koordinasiya etmək üçün Sədrin yanında Məşvərət Şurası və ya Koordinasiya Şurası yaradılsın və bu quruma Milli Şuraya daxil olan partiya sədrləri və komissiya rəhbərləri daxil edilsin. O zaman bu istiqamətdə ümumi razılıq olsa da, razılığı reallaşdırmaq mümkün olmadı. Hazırda Milli Şuranın fəaliyyətinin güclənməsi istiqamətində müəyyən müzakirələr aparılır. Müzakirələrin predimetlərindən biri də qurumun idarəetməsi ilə bağlıdır. İdarəetmə qurumunun formalaşması ilə bağlı variantlardan biri də yuxarıda qeyd olunan variantdır. Başqa variantlar da mümkündür. Amma idarəetmə qurumunun adı, tərkibi, sayı və s.- lə bağlı hər hansı gizli siyahı yoxdur və ola da bilməz. Milli Şura demokratik bir qurumdur və demokratik qaydada idarə olunur. Bütün məsələlər isə Milli Şuranın qarşıdan gələn sessiyalarında müzakirə olunub qurum üzvlərinin iradəsi ilə həll olunacaq”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu