Elm və təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirir. Görüşlərdə məktəb direktorlarına müxtəlif tapşırıqlar verir.
Qeyd edək ki, əvvəllər də belə görüşlər keçirilib. Son aylarda görüşlər intensivləşib.
Mövzu ilə bağlı Modern.az-a danışan elm və təhsil eksperti Elnur Aydın bildirib ki,elm və təhsil naziri Emin Əmrullayevin məktəb direktorları ilə görüşü xüsusi əhəmiyyət kəsb edir:
"Bu görüşlər vasitəsilə elm və təhsil naziri məktəb rəhbərləri ilə birbaşa ünsiyyət qurur. Bu, onların təhsil sistemi ilə bağlı problemlərini daha yaxşı anlamağa və həll yolları təklif etməyə imkan verir. Belə görüşlər bu əməkdaşlığı təşviq edir və təhsil sistemində vahid bir yanaşmanın yaradılmasına kömək edir”.
Ekspertin sözlərinə görə, təhsil sahəsində mövcud olan islahatların yerinə yetirilməsi və yeni tədris metodlarının tətbiqi zamanı məktəb rəhbərlərinin fikir və təcrübələrindən faydalanmaq çox vacibdir:
“Həmçinin, bu görüşlərdə təhsil siyasətinin effektivliyi müzakirə olunur. Bu görüşlər məktəb rəhbərləri ilə təhsil siyasətinin əlaqələndirilməsinə və problemlərin birgə həllinə kömək edir. Eyni zamanda, müəllimlərə motivasiya verir və onların işə daha çox bağlılıq göstərməsinə səbəb ola bilər. Bu cür görüşlərin təhsil sisteminin inkişafına mühüm təsiri var”.