Bu gündən Azərbaycan Dillər Universitetində qış imtahan sessiyasına start verildi. ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov 2013/2014-cü tədris ilinin qış imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə 20 dekabr 2013-ci il tarixində 119 №-li əmr imzalayıb. Əmrdə deyilir ki, qış imtahan sessiyası əyani şöbədə 30 dekabr 2013-ci il tarixindən 04 fevral 2014-cü il tarixinədəkdir. Qiyabi şöbədə isə sessiya müddəti 07 yanvar 2014-cü ildən 10 fevral 2014-cü ilədək müəyyən edilib. Qış imtahan sessiyası 4 fakültənin (Tərcümə, Pedaqoji, Filologiya və Jurnalistika, Regionşünaslıq və Beynəlxalq münasibətlər) əyani gündüz, Pedaqoji fakültənin əyani gündüz və qiyabi şöbələrində aparılır.
Əmrdə qeyd olunur ki, imtahanların keçirilməsi ilə əlaqədar olaraq beynəlxalq təcrübəni, həmçinin, Pedaqoji fakültədə həyata keçirilmiş eksperimentin müsbət nəticələrini nəzərə alaraq imtahan otaqlarının imtahan başlanana qədər imtahan materialları ilə təchiz edilməsi təmin edilsin.
ADU-nun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qış imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah da yaradılıb. Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədovanın rəhbərlik etdiyi Operativ Qərargahın üzvləri rektorun müşaviri Vazeh Əsgərov, Xüsusi şöbənin rəisi Elçin Tağıyev, Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Hafiz Rəhimov və Tələbə Gənclər Təşkilatının sədri Xıdır Kazımovdur. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-35-0, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eləcə də [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.
Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün binaların görkəmli yerlərində müvafiq qutular qoyulur. Fakültə dekanları və kafedra müdirlərinə tapşırılır ki, imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etsinlər.
Modern.az