“O siyahıda gözlənilməz ad yoxdur. Yəni İdarə Heyətinin tərkibinin o cür olması gözlənilən idi. Bu gizli siyahı deyil”.
Bunu Modern.az-a Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuranın İdarə Heyətinin siyahısına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, siyahı hazırdır və Milli Şuranın sessiyasında müzakirəyə çıxarılacaq: “Həmin siyahını sessiya təsdiq etməlidir. Əlbəttə, sessiyada bu siyahıya düzəlişlər də edilə bilər. Tərkibin qabaqcadan məlum olması normal haldır”. R.Manaflı siyahıdan narazı qalanlara da cavab verib: “Təxminən bilirdim ki, adım siyahıya salınacaq. Yəqin ki, bu siyahını təsisçi partiyalar hazırlayır, onlar öz aralarında müzakirələr aparırlar. Burada narahatedici məqam yoxdur. Milli Şurada, sadəcə, hər şeydən narazı olan adamlar var, heç nə ilə razılaşmırlar. Əlbəttə, bunlar bu məsələyə də narazılıq edəcəklər. Necə olmalıdır, üzvlər sessiyada müəyyənləşdirilməli idi?”.