Modern.az

AXCP funksioneri: “Müsavat Partiyası hakimiyyətlə anlaşıb”

AXCP funksioneri: “Müsavat Partiyası hakimiyyətlə anlaşıb”

7 Yanvar 2014, 12:53


“Müsavat Partiyasının bu qərarı AXCP-də təəssüf hissi doğurur. Bu, siyasi kursun dəyişməsidir. Milli Şura hakimiyyətə qarşı mübarizə aparanların ittifaqı kimi fəaliyyət göstərir. Müsavatın bu qurumu tərk etməsi prinsipial mübarizə kursunun dəyişməsi və hakimiyyətlə münasibətdə loyal mövqeyə keçməsinin nəticəsidir”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib. Onun sözlərinə görə, Müsavatın Milli Şuranı tərk etməsi 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlıdır: “Yəni parlament seçkilərində Müsavata hakimiyyət tərəfindən şans yaradılacaq. Əvvəl Müsavat Rüstəm İbrahimbəyovun fəxri sədrliyini bəhanə gətirdi. Rüstəm bəy çıxandan sonra ortada bir bəhanə qalmadı. Onlar cəmiyyətə bununla bağlı izahat verməlidirlər. Müsavatın Milli Şuradan ayrılması siyasi hədəflərlə bağlı deyil. Bu, sırf Müsavat rəhbərliyində olan şəxslərin korporativ maraqları ilə bağlıdır. İnanıram ki, onların bu addımı təkcə cəmiyyətdə deyil, partiya daxilində də ciddi etirazla qarşılanacaq”.

F. Qəhrəmanlı qeyd edib ki, Müsavatsız da Milli Şura fəaliyyət göstərəcək: “Onsuz da Müsavat Milli Şuranın fəaliyyətində elə də ciddi rol oynamırdı. Əksinə, partiya son zamanlar Milli Şuraya qarşı bütün arsenalını işə salmışdı, əks təbliğat aparmaqla məşğul idilər. Bu günə qədər Milli Şurada ziddiyyətlər vardısa, bundan sonra Müsavatın olmadığı şəraitdə daha effektiv şəraitdə fəaliyyət olacaq”.

İlkin PİRƏLİ

Sizə yeni x var
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu