Modern.az

2013-də 8 azərbaycanlı uşaq əcnəbi ailələrin övladlığına verilib

2013-də 8 azərbaycanlı uşaq əcnəbi ailələrin övladlığına verilib

7 Yanvar 2014, 13:12

Ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 əcnəbi ailəyə övlad verib. Bu barədə Modern.az saytına Komitənin ölkələrarası övladlığa götürmə sektorunun müdiri Seymur Məmmədov məlumat verib. Onun sözlərinə görə, övladlığa götürən 8 ailənin 4-ü Rusiyada yaşayan azərbaycanlılar olub. Digər 4 uşaq isə Türkiyə, İran, ABŞ və Fransada yaşayan azərbaycanlı ailələrə verilib.
S. Məmmədovun sözlərinə görə, övladlığa verilənlərdən 4-ü oğlan, 4-ü qız olub.

“Azərbaycanda daxili övladlığa götürmə rayon icra hakimiyyətlərinin qəyyumluq komissiyalarının verdiyi rəy əsasında həyata keçirilir. 3 yaşa qədər olan uşaqların övladlığa verilməsi Səhiyyə Nazirliyi, 3 yaşdan yuxarı uşaqların isə ailələrə verilməsinə Təhsil Nazirliyi baxır. Odur ki, övlad götürmək istəyən ailələr həmin nazirliklərdə qeydiyyata düşür”.

Hazırda 9 əcnəbi ailənin övlad götürmək üçün növbəyə durduğunu deyən Seymur Məmmədov ötən il övlad götürənlərdən uşaqların geri alınma halının baş verdiyini də gizlətməyib.

“Belə bir statistika aparılmadığından bu barədə rəqəmlər söyləmək çətindir. Təqribən deyə bilərəm ki, ildən asılı olaraq 5-8 ailə övladlığa götürmədən imtina edir. Ötən il də övlad götürmədən imtina halı baş verib”.

Ümumilikdə 2007-2013-cü illər ərzində xaricdə yaşayan 39 ailə tərəfindən 49 azərbaycanlı uşaq övladlığa götürülüb. Bundan başqa, 2012-ci ildə 989 uşaq yerli vətəndaşlara övladlığa verilib. Bunlardan 1 yaşına qədər olan uşaqların sayı 226 (145-i qız), 1-5 yaş arasında olanların sayı 438 (202-si qız), 6-10 yaş arasındakıların sayı 195 (90-ı qız), 11-17 yaşda olanların sayı isə 130 (45-i qız) olub. Onu da qeyd edək ki, bu vaxta qədər ölkələrarası övladlığa verilən uşaqlardan geri alınanı olmayıb.

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi