2013/2014-cü tədris ilində ali məktəblərə hazırlaşan abituriyentlər üçün sınaq imtahanlarının vaxtı məlumdur. Bu barədə Modern.az saytına məlumat verən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, abituriyentlər üçün ilk sınaq imtahanlarının aprel ayında keçirilməsi nəzərdə tutulur. Sınaq imtahanları iyun ayına kimi davam edəcək.
“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən abituriyentlər üçün sınaq imtahanları hər zaman olduğu kimi bu il də respublikanın əksər şəhər və rayonlarında keçiriləcək. Sınaq imtahanlarına aprel ayından start veriləcək, amma hələlik tarixlər məlum deyil”, – deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.
Sınaq imtahanlarına yazılışın internet vasitəsilə aparılacağını bildirən Elnur Nağızadə qeyd edib ki, imtahanlarda istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanıb və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğun hesab olunur.
“Bu imtahanlar abituriyentlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcək. Sınaq imtahanlarının başlıca cəhətlərindən biri də onun ali məktəblərə qəbul imtahanlarının metod və texnologiyalarına tamamilə uyğun keçirilməsidir. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər”.
Aytən ƏLİYEVA