Modern.az

Sərdar Cəlaloğlu: “Milli Şura bitib”

Sərdar Cəlaloğlu: “Milli Şura bitib”

7 Yanvar 2014, 16:05


“Bu proses Milli Şurada xronikidir. Qurum hissə-hissə dağılıb. Uzun müddətdir, Milli Şuranın heç bir yığıncağı yoxdur, fəaliyyət göstərmir, formal olaraq saxlanılıb. Təbii ki, Milli Şuranın taleyi Müsavat Partiyası və AXCP-dən asılıdır. Mənə elə gəlir ki, Milli Şura bitib”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun fikrincə, hər seçkidə, siyasi situasiyada yeni forma yaradılmalıdır: “İnkişaf etmiş demokratik cəmiyyətlərdə belə problem yoxdur. Azərbaycanda qeyri-adekvat şərait olduğuna görə məcburuq ki, beynimizlə ən müxtəlif konfiqurasiyalar düzəldək. Demokratik ölkələrdə siyasi partiyalar seçkilərə nadir hallarda bir yerdə gedirlər. Azərbaycanda əksinə, ayrı-ayrılıqda çıxış etmənin heç bir uğuru yoxdur, yenə də yeganə çıxış yolu birgə çıxış etməkdir. Prezident seçkilərində bir yer olur, ona görə də rəqabət güclü olur, parlament seçkilərində 125 yer var, rəqabət şəraiti yumşaq olur. Bələdiyyə seçkilərində, ümumiyyətlə, rəqabət şəraitindən söhbət gedə bilməz. Bələdiyyə seçkilərində bütün partiyaların, parlament seçkilərində bəzi partiyaların, prezident seçkisi ilə bağlı isə xüsusi halda bir yerə gəlmək mümkündür. Milli Şura da prezident seçkisi ilə bağlı yaranmışdı. Qarşıdan bələdiyyə və parlament seçikləri gəlir. Resurslar genişləndiyinə görə rəqabət nisbətən aşağı səviyyədə olacaq. Ona görə də birgə çıxış etməyə zərurət qalmır. Söhbət hakimiyyətlə rəqabətdən gedir. Tutaq ki, hakimiyyət tüfənglə, topla prezidentlik uğrunda mübarizə aparırsa, parlament seçkilərində belə deyil. Müxalifət nümayəndələrindən bir neçəsinin mandat almasına tolerant yanaşır. Buna uyğun da partiyalar qərarlarını dəyişirlər. Yəni, təklikdə döyüşə getməyə özlərində güc hiss edirlər”.

S.Cəlaloğlu iqtidarla müxalifətin konsensusa gəlməsinin də vacib olduğunu vurğulayıb: “Bizə elə gəlir ki, hakimiyyətlə razılaşma pis bir şeydir. Hakimiyyətlə razılaşmaq o demək deyil ki, məsələn, sən gedib hakimiyyətə xidmət edirsən. Hakimiyyət üçün bəzi həyati məqamlar var. Müxalifətin hakimiyyətə gücü çatmırsa, o məsələlərdə razılaşmalıdır, konsensusa gəlməlidir. Konsensus olmayan yerdə bolşevizm hökm sürür. Bu baxımdan iqtidarla müxalifət konsensus yolu ilə hakimiyyəti də bölə bilər, parlamenti də. Bu günə qədər bu məsələlərdə addım atılmayıb. Azərbaycan müxalifətinin də bir araya gəlməməsinin səbəblərindən biri bolşeviksayağı yanaşmadır. Hakimiyyət də bu məsələdə maraqlı olmalıdır. Bəzi iqtidarların hakimiyyətdə qalmalarının səbəbi heç də onların güclülüyü ilə bağlı deyil. Səbəbi düzgün konsensusun tapılmamasıdır. Yadıma gəlir, 2005-ci ildə beynəlxalq təşkilatların nümayəndələri bizə dedilər ki, Azərbaycanda demokratiyaya keçidi təmin etmək istəyirlər. Təklif olundu ki, müxalifətin əsas aparıcı şəxslərindən 30-40 nəfəri parlamentə düşsün. O variantı Azərbaycanda demokratiyaya doğru addım hesab etmək olardı. Həmin dövr narıncı inqilab olmuşdu, müxalifət 30-40 deyil, 70-80 yer tələb edirdi. Mən bunun qəti əleyhinə olsam da, sözüm keçmədi. Buna görə də beynəlxalq təşkilatlar kənara çəkildi. İstənilən halda, müxalifət iqtidarla uzlaşmağa cəhd etməlidir. Bəzən görürük ki, iqtidar uzlaşmaq istəyir, müxalifət “quyruğunu belinə qoyur”. Azərbaycan müxalifətində demokratik düşüncə möhkəm deyil. Deyirlər, demokratiya uğrunda mübarizə aparırlar, amma demokratiyadan xəbərləri yoxdur. Növbəti parlament seçkilərində iqtidar gizlin deyil, aşkar şəkildə müxalifətlə konsensusa getsə, bu, demokratiyaya xidmət olacaq. Amma burada xalq bilməlidir ki, gəlinən razılıq nədən ibarətdir. Gündəlik hay-küydənsə, gedib parlamentə oturub, ağıl, mədəniyyət nümayiş etdirməklə həm dövlət quruculuğunda, həm də cəmiyyətin inkişafında fəallıq göstərə bilərlər. Burada hər iki tərəf udacaq. Bu şəraitin yaranmasına həm müxalifət, həm də iqtidar tərəfində əngəl olan qüvvələr var. Dəfələrlə demişəm, iqtidarda və müxalifətdə bir-biri ilə əlaqəsi olan elə qüvvələr var ki, onlar Azərbaycanda demokratiyaya tədrici keçidin yaranmasında maraqlı deyil. Ola bilər, belə tapşırıq alıblar. Bir də görürsən, ən yaxşı situasiyada müxalifətin içindən kimsə elə addım atdı ki, hər şey məhv oldu. Bu, proses 20 ildir davam edir. Həmin şəxsləri tanıyıram, sadəcə, ad çəkmək istəmirəm”.

İlkin

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu