“Müsavat Partiyasının "Demokratik Qüvvələrin Milli Şurası " adlı seçkiqabağı bloku tərk etməsi bəyanatı bu günün əsas siyasi xəbərlərindən hesab edilə bilər. Əslində bu siyasi təşkilatın bloku tərk edəcəyi çoxdan gözlənilirdi. Çünki, hadisələr göstərdi ki, partiya bloka qalib gəlməyə və radikal siyasi qüvvələr əsasında uzun müddətli bir siyasi mərkəz yaratmağa yox, öz partiya maraqlarını daha da gücləndirməyə gəlmişdi”.
Modern.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasından (YAP) deputat seçilmiş Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Milli Şuranı Azərbaycan siyasətinin ciddi bir qüvvəsi hesab etməyin özü siyasətə qeyri-ciddi yanaşma sərgiləmək olardı: “Cəmiyyətdə hər seçkidən-seçkiyə radikal baxışların sosial tələbatı azalır və kiçik radikal dərnəklərin birləşməsi isə sadəcə olaraq bir qədər böyük bir təşkilat yaratmaqdan başqa bir şey deyil. Müsavat Partiyasının da ildən ilə sosial bazasının zəiflədiyi göz qarşısında idi. Uğursuz və məğlubiyyətə uğrayan siyasəti partiyanın tərəfdarlarının sayının azalmasına səbəb olurdu. Partiyadan bir çox tanınmış müxaliflər gedir, yerinə isə gələnlər cəmiyyətdə elə də böyük nüfuz qazana bilmirdilər. Bu uğursuzluğu isə artıq bir çox müsavatçılar partiyaya 22 ildir, fasiləsiz başqanlıq edən İsa Qəmbərin adı ilə bağlayırdılar. 2013-cü ildə o yenidən məğlub olsaydı, onun istefası çox ciddi şəkildə qoyulacaqdır. Ona görə də partiya rəhbəri keçən ilki seçkilərdə asanlıqla 74 yaşlı gənc siyasətçi Rüstəm İbrahiməyovun çətiri altında durmağa razılıq verdi. Ona istənilən yolla bu ili başa vurmaq və yenidən müsavatçıları beş ildən sonrakı prezident seçkilərinə aparmaq lazım idi. Nəzər alsaq ki, artıq 4 ildir, Müsavat Partiyasının qurultayı müxtəlif bəhanələrlə yubadılır və İsa Qəmbər partiya rəhbəri postunda qeyr-qanuni oturur, taktika özünü tamamilə doğruldurdu”.
YAP-çı deputat qeyd edib ki, Müsavatın müttəfiqlərini seçkidən sonra azacıq qələbəni götürərək, tərk etməsi birinci dəfə deyil: “2003-cü ildə o belə bəhanələrlə "Bizim Azərbaycan" blokunu, 2005-ci ildə "Azadlıq" Blokunu da tərk etmişdi. Və hər dəfə də onunla blok yaradanlar heç olmasa bu dəfə İsa Qəmbər Müsavatının onlarla axıracan gedəcəyini düşünürdülər. Müsavat Partiyasının "Milli Şura"dan getməsi o partiyanın sırf öz maraqları ilə bağlıdır. Qarşıdan parlament seçkiləri gəlir. Ona kimi o, özünü "Milli Şura"nın uğursuzluğundan uzaq tutacaq və bloka qarşı olan ittihamlara cavab vermək məsuliyyətindən azad olacaq. Kimlərəsə ola bilsin Müsavatın heç olmasa növbəti seçkilərə ciddi hazırlaşacağı və göstəricilərini bir qədər yaxşılaşdıracağını gözləyir. Ancaq belə görünür ki, onları seçkidə qələbə qazanmaq yox, siyasətdə görünmək maraqlandırır. Belə olmasa idi, seçkilər arası ölkənin aktual problemlərinin həllinə dair ciddi konsepsiyalar və təkliflər hazırlaya bilərdilər”.
İlkin PİRƏLİ