Yanvarın 7-də paytaxtda Azərbaycanın ən böyük tibb müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzi istifadəyə verilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.
Prezident və xanımı Bakı Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə tanış olub.
50 min kvadratmetr sahəsi olan bu tibb müəssisəsi 550 çarpayılıqdır. Mərkəzdə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi üçün ən yüksək şərait yaradılıb.
Prezident İlham Əliyev Bakı Sağlamlıq Mərkəzi ilə tanışlıqdan sonra həkim kollektivi ilə görüşüb.
Görüşdə İlham Əliyev deyib ki, belə mərkəzlərin yaradılması Azərbaycanda sosial sahəyə göstərilən diqqətin əlamətidir.
“Bu sahə 2014-cü ildə də prioritet olaraq qalacaqdır. Çünki Azərbaycanın artan iqtisadi inkişafı, iqtisadi potensialı imkan verir ki, sosial sahəyə diqqət daha da böyük olsun.
Əlbəttə ki, sosial sahənin əsas istiqaməti insanların sağlamlığıdır. Bu sahəyə də daim böyük diqqət göstərilir. Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar statistik göstəricilərdə də özünü əks etdirir. Çünki ana ölümü, uşaq ölümü kəskin dərəcədə aşağı düşmüşdür. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda aparılan islahatları təqdirlə qeyd edir. Bir sözlə, son illərdə ölkəmizdə və xüsusilə Bakıda müasir tibb müəssisələrinin yaradılması geniş vüsət almışdır. Əminəm ki, gələcək illərdə hazırda təmirə ehtiyacı olan tibb müəssisələrində də təmir-bərpa işləri aparılacaq və gözəl şərait yaradılacaqdır.
Bir daha qeyd etmək istəyirəm ki, son illərdə belə mərkəzlərin tikintisinə nadir hallarda rast gəlmək olar. Çünki dünyada hələ ki, iqtisadi böhran davam edir, bəzi ölkələrin iqtisadi vəziyyəti o qədər də yaxşı deyildir. Deyə bilərəm ki, belə böyük xəstəxanaların tikintisi hazırda dünyada çox nadir hallarda mümkündür”.
Prezident deyib ki, belə mərkəzlərin Azərbaycanda tikiləməsi davam etdiriləcək.
“Bir daha qeyd etmək istəyirəm ki, 2014-cü ildə səhiyyə sahəsi, ümumiyyətlə, sosial sahə prioritet olaraq qalacaqdır. Biz 2014-cü ilin birinci həftəsində görüşürük. Deyə bilərəm ki, artıq 2014-cü ildə ölkəmiz üçün əhəmiyyətli olan iki obyektin açılışı olmuşdur. Ayın 3-də biz Qəbələdə müasir Dağ-Xizək Mərkəzinin açılışını qeyd etdik. Bu gün isə burada, Bakıda Sağlamlıq Mərkəzinin açılışını qeyd edirik. Nəzərə alsaq ki, bu gün 2014-cü ilin birinci iş günüdür, əminliklə demək olar 2014-cü ildə belə açılışlar çox olacaqdır. Əminəm ki, 2014-cü il də ölkəmiz, xalqımız üçün uğurlu il olacaqdır. Biz qarşımıza qoyduğumuz bütün vəzifələrə çatacağıq”.