Dünyanın bir çox ölkələrində spirtli içkilərin satışında müəyyən məhdudiyyətlər mövcuddur. Xüsusilə Avropa Birliyi zonasında bununla bağlı sərt qanunvericilik qaydaları qüvvədədir. Almaniyada (yanacaqdoldurma məntəqələrində saat 10-18 arası), Portuqaliyada (mağazalarda saat 9-13 və 15-19 arası), Fransada (saat 18-dən səhər 8-ə), habelə Skandinaviya ölkələrində (saat 10-18 aralığı), Böyük Britaniyada (saat 23-dən sonra) alkoqol satışı yasaqdır. Bu yöndə qanunların tətbiqinə səbəb azyaşlıların spirtli içkiyə aludəçiliyi, cinayətlərin artması və demoqrafiyanın dəyişməsidir.
MDB ölkələrində də oxşar məhdudiyyətlər var. Rusiyada pivə də daxil olmaqla spirtli içkilərin 1 yanvar 2013-cü ildən etibarən gecə saat 23-dən səhər saat 8-ə kimi bütün obyektlərdə – bufet, restoran, kafe, market və digər satış nöqtələrində satışı qadağandır.
Azərbaycanda isə spirtli içkinin satışı günün istənilən saatında sərbəstdir. Modern.az saytı bir neçə deputatdan belə məhdudiyyətin ölkəmizdə qanunvericilik qaydasında tətbiqinə münasibət öyrənib.
Vahid Əhmədov: “Mənə elə gəlir ki, bizim millət ,ümumiyyətlə, içkiyə o qədər də aludə deyil. Camaat dini qadağaya ehtiram göstərir. Ona görə bu qanuna ehtiyac yoxdur. Onu elə eləmək lazımdır, yalnız reklamı olmasın. İndi qanunda nəzərdə tutulub ki, reklam yalnız gecə ola bilər. Gecə saat 12-dən səhər saat 6-ya qədər. Amma spirtli içkilərə qadağa qoyulmasına ehtiyac görmürəm”.
Məlahət İbrahimqızı: “Avropa ölkələrində də spirtli içkilərin satışı qanunvericiliklə müəyyən vaxt limitləri ilə tənzimlənir. Azərbaycanda da belə məhdudiyyət olsa müsbət nəticəsini verər”.
Nizami Cəfərov: “Spirtli içkilərin satışı ilə bağlı dünyanın belə təcrübələri var. Amma təcrübə də göstərir ki, bu məhdudluq prinsip etibarilə o qədər də yaramır. Elə ölkələr var ki, kifayət qədər sərbəstdir. Amma içkidən o qədər istifadə olunmur. Amma elə ölkələr də var ki, məsələn Rusiyada dəfələrlə gah qadağan olunub, gah məhdudiyyət qoyulub, gah məhdudiyyət aradan götürülüb. Fərq eləməyib. Ona görə də burada birtərəfli yanaşmaq olmaz. İndi düzünü deyək ki, məsələn spirtli içki reklamını məhdudlaşdırdıq. Bunun əhəmiyyəti olur. Amma vaxtın nə fərqi var ki, gecəyə kimdir qalan, gündüz alacaqlar, gecə içəcəklər. Yəni bu məntiqə sığmır. Biz o millətlərdən deyilik ki, birdən-birə içmək istəyək. Məncə, bu reklamda ola bilər. Reklam ümumi ictimai təsirdir, onu məhdudlaşdırmaq olar. Amma satışın məhdudlaşdırılması ölkələrin çoxunda yeni problem yaradır. Başlayırlar əl altından baha satmağa, taksilərdə satmağa. Bunun təcrübəsini çox görmüşük də. Bu mənada mən bilən özünü doğrultmur. Ona görə bu sərbəst olmalıdır”.
Misranə Həsənzadə