“Müsavat Partiyasının Milli Şuradan çıxmasından sonra sözügedən qurumda dağılma prosesi daha da sürətlənəcək”. Bunu Modern.az saytına politoloq Qabil Hüseynli deyib. Onun fikrincə, Milli Şurada qalan partiyaların da fəaliyyəti formal xarakter daşıyır:
“ACP-nin sədrindən başqa Milli Şurada heç kim yoxdur. KXCP sədri Mirmahmud Mirəlioğlu Milli Şuranın işində o qədər də fəal iştirak etmir. Faktiki həmin partiyanın fəaliyyətini Milli Şuranın tərkibində yox hesab etmək olar. “El” Hərəkatı deyilən bir qurum da həm say etibarilə zəifdir, həm də kifayət qədər təkmilləşməyib. Üstəlik onun Millİ Şurada təmsilçiliyi Rüstəm İbrahimbəyovdan sonra formal xarakter daşıyır”.
Q. Hüseynlinin sözlərinə görə, müxalifətin siyasi inteqrasiya tarixində ilk dəfə olaraq bir araya gəldiyi Milli Şura ciddi böhranla üzləşib: “Bu böhran Milli Şuranın sonunu yaxınlaşdıra bilər”.
Aqşin Kərimov